eSIM xidməti - Müsbət və mənfi tərəfləri

esim-xidmeti
Oxunma sayı: 6153

Bir müddətdir sosial şəbəkələrdəki reklamlarda Azərbaycanda eSIM xidmətinin mövcud olması ilə bağlı məlumat yayılıb. Qeyd olunur ki, istifadə etdiyimiz telefonların bir çoxunda eSIM xidməti olduğundan qısa zamanda asanlıqla bu xidmətə qoşulmaq mümkündür. Lakin həm Azərbaycanda, həm də dünyada yeni olduğundan eSIM xidmətinin nə olduğu araşdırdıq. Məlum oldu ki, xidmət yeni təqdim edildiyi üçün Azərbaycan dilində məlumat tapmaq bir qədər çətindir. 

“Qafqazinfo” bunu nəzərə alıb sözügedən xidmətlə bağlı araşdırma aparıb.

eSIM nədir?

Məlumat üçün bildirək ki, eSIM-ə qoşulmaq üçün gərək telefonunuzda bu funksiya olsun. eSIM-in açılışı da bunu deyir: “embedded SIM”, yəni “quraşdırılmış SIM”. Xidmətin mahiyyəti odur ki, adi halda mobil telefonda hər hansı bir nömrədən istifadə etmək üçün telefona SIM kart taxmalıyıqsa, eSIM xidmətində telefona kart taxılmır; sadəcə, QR kod skan edirik və tarifimizi seçirik. Xidmətin mövcudluğunu yoxlamaq və xidmətə qoşulmaq mobil operatorun rəsmi səhifəsində mümkündür. Qoşulduqdan sonra artıq içərisində heç bir SIM kart olmayan telefonumuzla bütün mobil xidmətlərdən isifadə edə bilirik.
eSIM haqqında araşdırdığımız zaman məlum oldu ki, bir çox yeni model mobil telefonlarda bu xidmət – yəni eSIM qurğusu mövcuddur. Ancaq dünya üzrə mobil operatorlar bu xidməti bir neçə il olar ki, istifadəyə verirlər. Bu mənada qürurla deyə bilərik ki, biz ən son xidmətlərdən istifadə edən müştərilərik.

eSIM-ə necə qoşulmaq olar?

Əgər eSIM xidmətinə qoşulmaq istəyirsizsə, mütləq bir dəqiqənizi sərf edib mobil operatorun rəsmi saytındakı təlimatla tanış olun. Məsələn, “Nar” nömrəsindən istifadə etdiyimiz üçün araşdırma bu operator üzərindən aparılıb. Digər ölkələrdə və operatorlarda fərqli xüsusiyyətlər ola bilər, ancaq ümumi prinsip eynidir. Mobil operatorun rəsmi səhifəsindən həm dəqiq məlumat əldə emək, həm də qeydiyyatdan keçmək mümkündür. Saytda məlumatları daxil edirsiniz, sizə QR kod təqdim edilir, mobil telefonun ayarlarında tarifinizi seçib QR kodu skan edirsiz.

QR kodu rahat skan edə bilməyiniz üçün qeydiyyatı kompyuterlə və ya başqa mobil telefonla aparmağınız məsləhətdir. Əgər yeni nömrə alırsızsa, eSIM xidməti vasitəsilə nömrəni almaq ödənişsizdir. Yox əgər mövcud nömrənizi eSIM-ə keçirirsinizsə bu, faktiki olaraq nömrə dublikatı olduğuna görə, balansınızdan dublikat əməliyyatının qiyməti çıxılır (3 AZN).

eSIM xidmətinin üstünlükləri nədir?

eSIM xidmətinə qoşulmusunuzsa, SIM kartı itirmək, zədələmək, eləcə də, SIM kartın hər hansı bir səbəbdən sıradan çıxması kimi problemləri yaddan çıxarın. SIM kart fiziki olaraq yoxdursa, problem də yoxdur. Əgər SIM kart yoxdursa, deməli SIM kart problemləri üçün müştəri xidmətlərinə getmək məsələsi də aradan qalxıb. Bundan başqa, yeni nömrə almaq istəyirəmsə, mağazaya getməyimə ehtiyac yoxdur.

Onlayn qaydada QR kod əldə edib nömrəni telefonda aktivləşdirmək bəs edir. Nömrənin qeydiyyatı üçün üztanıma texnologiyası ilə şəxsiyyətinizi təsdiq edə bilirsiniz.

eSIM xidmətinin digər böyük üstünlüyü tək SIM kartlı mobil telefonu iki SIM kartlı mobil telefona “çevirmək” imkanıdır. Cihazda eSIM aktivləşəndən sonra boş qalan plastik SIM kart slotuna başqa bir SIM kart taxıb işlədə bilərik.

eSIM-ə qoşulmaq, ya qoşulmamaq?

Nəticə olaraq qeyd edək ki, istifadə etdiyimiz bu xidməti operatoru eSIM-i dəstəkləyən hər kəsə tövsiyə edirik. Bu yazı eSIM-ə qoşulmağa tərəddüd edən hər kəsin suallarına cavab verəcək.

Gülnar Əliyeva