“Fransanın sülh prosesinə əngəl yaratmaq cəhdləri nəticəsiz bitəcək”

fransanin-sulh-prosesine-engel-yaratmaq-cehdleri-neticesiz-bitecek
Oxunma sayı: 1219

“Azərbaycan Cənubi Qafqazda davamlı sülhün, regionun bütün xalqları üçün faydalı əməkdaşlığın qurulması üçün ardıcıl səylər göstərir. Çox təəssüf ki bölgədən uzaqda yerləşən bəzi ölkələr bu təşəbbüslərə mane olmağa çalışır”.

“Qafqazinfo” xəbər verir ki, bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Soltan Məmmədov deyib.

Deputat bildirib ki, xüsusilə Fransanın son dövrlərdə atdığı addımlar Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasını ləngitmək məqsədi daşıyır. O qeyd edib ki, Fransa dəfələrlə Azərbaycana qarşı BMT Təhlükəsizlik Şurasında qətnamə qəbul edilməsinə cəhd göstərib və parlament səviyyəsində qərəzli sənədlər qəbul olunub: “Dövlət rəsmiləri tamamilə qeyri-obyektiv bəyanatlarla çıxış ediblər. Bütün bu addımların məqsədi Azərbaycana təzyiq göstərmək idi. Nəticə isə ondan ibarət oldu ki, Fransa faktiki olaraq Cənubi Qafqazda gedən proseslərə təsir imkanlarını əhəmiyyətli dərəcədə itirib. Çünki regionda yaranmış yeni reallıqları, eyni zamanda Azərbaycanın imkanları, bizim ölkəmizin xarici siyasətinin əsaslandığı prinsipləri düzgün qiymətləndirə bilmədi”.

S.Məmmədov vurğulayıb ki, Azərbaycan xüsusi xidmət orqanlarının peşəkarlığı sayəsində Fransa agentura şəbəkəsinin ifşası Makron hökumətinin daha bir uğursuzluğudur. Fransa Səfirliyinin iki əməkdaşının diplomatik statuslarına uyğun olmayan və “Diplomatik əlaqələr haqqında” 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətlərinə görə Azərbaycan hökuməti tərəfindən “persona-non-grata” elan edildiyini xatırladan millət vəkili bildirib ki, bu fakt rəsmi Parisin yaxın tarixin təcrübəsindən düzgün nəticə çıxarmadığını göstərir: “Azərbaycan bir neçə dəfə rəsmi səviyyədə bəyan edib ki, regionda uzaq ölkələrin bu coğrafiyada baş verənlərə müdaxilə etmək cəhdləri yolverilməzdir. Lakin son proseslər bir daha təsdiq edir ki, rəsmi Parisin nəinki regiondakı reallıqlar, eləcə də öz imkanlarının hüdudları haqqında təsəvvürləri yanlışdır”.

Deputat qeyd edib ki, Fransanın sülh prosesinə əngəl yaratmaq cəhdləri nəticəsiz bitəcək. Çünki Cənubi Qafqazda formalaşmış yeni münasibətlər sistemi, geosiyasi reallıqlar sülhün qaçılmaz olduğunu göstərir. O, Fransa tərəfindən sülh danışıqlarını pozmaq üçün müxtəlif vasitələrlə Ermənistan hökumətinə təsir etmək siyasətinin uğursuzluğa məhkum olduğunu vurğulayıb.