Goranboyda ailə faciəsi - Ata və oğlu qəzada öldü - Yenilənib - Foto

goranboyda-aile-faciesi
Oxunma sayı: 1567

Goranboy rayonunda avtomobilin aşması nəticəsində iki nəfər ölüb.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Nadirkənd kəndində qeydə alınıb.

“LADA” markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 1 nəfər hadisə yerində dünyasını dəyişib, daha 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər.

Xəstəxanaya çatdırılan yaralılardan biri də tibbi müdaxilələrə baxmayaraq, vəfat edib.

Qeyd edək ki, qəzaya düşənlər bir ailənin üzvləridir. Ata və oğlu aldığı xəsarətdən dünyasını dəyişib, ana və qızı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Goranboy Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

***

Hadisə nəticəsində rayonun Kələk kənd sakini 1986-cı il təvəllüdlü A.Hüseynov və onun övladı 2008-ci il təvəllüdlü S.Hüseynov həlak olub. Sürücünün həyat yoldaşı 1991-ci il təvəllüdlü L.Əliyeva və 2014-cü il təvəllüdlü Y.Hüseynova isə müxtəlif xəsarətlər alıblar.

***

Goranboy Rayon Mərkəzi Xəstəxanasından sorğumuza cavab olaraq bildirilib ki, ötən gün saat 23:30 radələrində Goranboy rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə xəsarət alan 3 nəfər (1-i kişi, 2-si qadın olmaqla) Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin olunub.

Xəsarət alan şəxslərdən 2 nəfərə (qadın) zəruri tibbi yardım göstərildikdən sonra özəl tibb müəssisələrinin birinə təxliyə olunub.

Göstərilən bütün reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, saat 23:50 radələrində 2009-cu il təvəllüdlü azyaşlının ölüm faktı qeydə alınıb.

Qeyd edək ki, hadisə nəticəsində 1 nəfərin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb.

Yunis Quliyev