İnsanların gözü qarşısında edam ediləcək - 90 il sonra ilk dəfə

insanlarin-gozu-qarsisinda-edam-edilecek
Oxunma sayı: 1177

ABŞ administrasiyası 1936-cı ildən bəri ilk dəfə ictimai edam həyata keçirməyə hazırlaşır. 2009-cu ildə Texas ştatındakı Fort Hud hərbi bazasında 13 nəfərin ölümünə səbəb olan hücuma görə ölüm hökmünə məhkum edilmiş keçmiş hərbçi Nidal Malik Həsənin güllələnmə dəstəsi tərəfindən edam olunması planlaşdırılır.

“Qafqazinfo” xəbər verir ki, ABŞ müdafiə naziri Pit Heqset “Real America's Voice”a müsahibəsində Nidal Həsənin edamının ictimaiyyətə açıq olacağını bildirib.

O, insanların edamı izləyə bilməsi üçün şərait yaradılacağını deyib: “İnsanların bunu izləyə bilməsini təmin edəcəyik. Bu, ictimaiyyətə açıq olacaq. Çünki insanlar bu cür əməllərin ciddi nəticələrə səbəb olduğunu başa düşməlidirlər”.

Bununla belə, edamın televiziya və ya internet üzərindən yayımlanıb-yayımlanmayacağı, eləcə də, kimlərin mərasimdə iştirak edə biləcəyi hələ dəqiqləşdirilməyib.

ABŞ mediasının məlumatına görə, ölkədə son ictimai edam 1936-cı ildə Kentukki ştatında Reyni Beteanın asılması ilə həyata keçirilib. Hərbi güllələnmə dəstəsi tərəfindən son edam isə 1945-ci ildə, İkinci Dünya müharibəsi zamanı fərarilikdə təqsirli bilinən sıravi Eddi Slovikə tətbiq olunub.

Nidal Həsənin edamı ilə bağlı açıqlamalar ABŞ-də ölüm cəzası və edam üsulları ətrafında müzakirələri yenidən gücləndirib.

Hazırda 56 yaşı olan keçmiş ordu psixiatrı Nidal Həsən 2009-cu ilin noyabrında Fort Hud hərbi bazasında törədilən hücuma görə hərbi məhkəmə tərəfindən ölüm hökmünə məhkum edilib. Həmin hücum nəticəsində 13 nəfər ölüb, 32 nəfər yaralanıb.

Həsən həbs zamanı polis tərəfindən güllələnib və qismən iflic olub. Onun edamının dekabrın 3-də həyata keçirilməsinin gözlənildiyi bildirilir.