İTV-dən cümə xütbəsi ilə bağlı müzakirələrə - Cavab

itv-den-cume-xutbesi-ile-bagli-muzakirelere
Oxunma sayı: 2961

“Kim bunu necə anlayır-anlasın. Azərbaycan dövləti  adına bu, böyük bir biabırçılıqdır. Azərbaycanın dövlət büdcəsindən maliyyələşən İctimai Televiziya "Məşədi Dadaş" məscidindən verilən cümə xütbəsini öz loqusu ilə "Youtube" kanalında yerləşdirib, təbliğat aparır. Təbliğatını apardığı da bir Qum məzunudur. Allah Şahin Həsənliyə rəhmət etsin, hər kəsin də inancına sayğılıyam. İndiyədək hətta ölkə parlamentinin bir komitəsinin iclasını belə canlı yayında verməyi özünə sığışdırmayan bu televiziya mərhum din xadiminin canlı yayımdan həm vida, həm də dəfn mərasimini nümayiş etdirdi. O halda gərək bütün məscidlərdəki cümə xütbələrindən reportaj versinlər".

"Qafqazifo" "Yeni Müsavat"a istinadən xəbər verir ki, bunu deputat Fazil Mustafa bildirib.

“Məscidlər arasında fərq qoymanın izahını kim verə bilər? Konstitusiyamızda dinin dövlətdən ayrıldığı yazılır. O halda dövlət büdcəsindən külli miqdarda vəsait ayrılan bu televiziyanın bu cür din təbliğatının izahı varmı? Dəfələrlə vurğulamışam ki, bu televiziya "İnteraz" kanalı “Azərspace”dən çıxarıldıqdan  sonra irançı köstəbəklərin ideoloji mərkəzinə çevrilib. Bilirəm ki, rəsmi səviyyədə bu xəbərdarlığıma əhəmiyyət verilməyəcək. Ancaq canımız dövlətin, gözümüz millətin təhlükəsizliyi bir namus borcumuz olduğundan, bundan sonra da daha qətiyyətlə bu təhlükə barədə uca səslə mövqeyimizi bildirəcəyik", - F.Mustafa qeyd edib.

Deputat İTV-nin “İrançı köstəbəklərin ideoloji tribunasına çevrildiyini” deyib.

“Hörmətli deputatımız Fazil Mustafanın narahatlığını şəxsən mən də bölüşürəm”.  BDU-nun professoru, televiziya tənqidçisi Qulu Məhərrəmli mövzu ilə bağlı deyib ki, İTV ilə bağlı məsələdə hər hansı bir qanunazidd hərəkət yoxdur: “Əlbəttə, mən Fazil Mustafanın televiziya verilişlərində, mediada dini mövzuların geniş yayılması, bu sahədə müəyyən problemlərin olması ilə bağlı qayğılarını bölüşürəm. Hesab edirəm ki, Azərbaycanda din dövlətdən ayrıdır və bunların arasında çox ciddi fərqləri həmişə gözləməliyik. O ki qaldı Hacı Şahinin dəfni ilə bağlı reportajın İTV-nin "Youtube" səhifəsində yayınlanmasına, mən burada qeyri-adi, yaxud qanunazidd bir şey görmürəm. Nəyə görə? Ona görə ki, İctimai Televiziya bütün cəmiyyəti ifadə edir, bütün qatları əhatə edir. Hətta səbəbsiz deyil ki, İctimai TV-nin Yayım Şurasının üzvlərindən biri mütləq din xadimi olmalıdır. Bu o deməkdir ki, cəmiyyətin bir qatı, dini inanclı insanların da həyatının bu televiziyada əks olunması zəruri amillərdən biridir. İkinci bir tərəfdən, Hacı Şahin təkcə din adamı deyil, həm də ictimai xadimdir, cəmiyyət onu kifayət qədər yaxşı tanıyır və indi bunun fərqli qiymətləndirilməsindən asılı olmayaraq, dəfn mərasimi də göstərdi ki, onun cəmiyyətdə kifayət qədər nüfuzu var. O baxımdan, burada digər mənaları axtarmağı doğru saymıram. Amma bununla yanaşı, hesab edirəm ki, baxışlar fərqli ola bilir, müxtəlif ola bilir. Təbii ki, bu məsələyə ən yaxşı cavabı İTV-nin özü verə bilər. Mən bunda ciddi nöqsan, qəbahət görmürəm". 

Məsələ ilə bağlı İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının üzvü Azər Həsrətin fikrini öyrəndik. O deyib ki, Azərbaycanda elə bir təcrübə olmadığı halda ictimai yayımın konkret bir şəxsin dəfnindən bu qədər canlı yayım həyata keçirməsi bizim ümumi qəbul edilmiş normalara uyğun deyil: “Yəni arzuedilən deyil. Özəlliklə də Azərbaycanın qonşu dövlətlərlə yaşadığı münasibətlər fonunda bunun edilməsinə zərurət yox idi. Əlbəttə, biz İctimai Yayım Şurası olaraq bu məsələlərin tənzimlənməsində birbaşa iştirak etmirik. Söylədiyim fikirlər də mənim şəxsi qənaətimdir, Yayım Şurasının adından danışmıram. Martın 17-də Yayım Şurasının iclası olacaq, bu məsələni şəxsən özüm də qaldıracağam, müzakirə olunması vacibdir. Bu məsələ ilə bağlı ən azından şuranın sədri, yaxud da ki, onun səlahiyyət verdiyi şəxs danışa bilər. O baxımdan, bunu Yayım Şurası üzvünün fərdi fikirləri kimi qəbul etməyinizi xahiş edirəm. Yəqin ki, biz bu məsələni Yayım Şurasının növbəti iclasında da müzakirə edəcəyik, əlbəttə, İctimai Televiziyanın baş direktorunun da bununla bağlı fikirlərini öyrənəcəyik. Bəlkə də Yayım Şurasının sədri əsaslı arqumentlər gətirəcək, biz bununla razılaşmalı olacağıq. Bu variant da mümkündür. Amma şəxsi fikrim ondan ibarətdir ki, belə yayımlara gərək yoxdur, olmaması lazımdır. Bilirsiniz İTV-nin "Youtube" kanalı da Azərbaycan televiziya kanalları arasında ən populyar kanaldır. İTV-nin sosial media hesabları ən çox izlənilən hesablardır. Onların efirdə nə qədər izləyicisi varsa, az qala sosial media üzərindən də o qədər tamaşaçısı var. O baxımdan, istər efirdə, istərsə də sosial media platforması üzərindən yayılsın, effekt eynidir".

A.Həsrət “bəzi ekspertlər hesab edir ki, İTV-nin "Youtube" kanalında dövlətin mənafeyinə xidmət edən bir din xadimi ilə bağlı canlı yayın verilməsində bir qüsur yoxdur, bu fikirlə razısınızmı" sualına belə cavab verib: “İctimai Yayım Şurasının 9 üzvündən biri Qafqaz Müsəlmanları İdarəsinin təmsilçisi Hacı Salmandır. Ümumiyyətlə, qanunda nəzərdə tutulub ki, mütləq orada bir nəfər din xadimi olsun. İkincisi də, Yayım Şurasının iclaslarında din məsələlərinin efirdə işıqlandırılması ilə bağlı müzakirələr də aparırıq. Əlbəttə, biz dini məsələlərin işıqlandırılmasına qarşı deyilik. Əksinə, Azərbaycandakı dini multikulturalizmin işıqlandırılmasının tərəfdarıyıq. Hacı Şahin dövlətin maraqlarını dəstəkləyirdi deyə dövlət bunu təqdir edəcək deyə bir şey də yoxdur. Elə idisə, onda AzTV də yayardı da. Ona görə hesab edirəm ki, bunun müzakirəsinə ehtiyac var. Hər halda, iclasımızda müzakirə edəcəyik” .  

Məsələ ilə bağlı İTV-dən bildirilib ki, bu məlumat mediada Fazil Mustafanın statusu olaraq yayınlanıb, amma onun sosial media hesablarında bu barədə heç bir məlumat yoxdur: “O səbəbdən də rəsmi açıqlama verə bilmirik. Amma bununla belə, biz nəinki Hacı Şahin Həsənlinin, "Youtube" kanalında digər sənətkarların da, tanınmış ictimai xadimlərin də vəfatı ilə bağlı canlı yayımlar veririk. Çünki buna bir ictimai maraq var. Hacı Şahin də təkcə din xadimi deyil, həm də ictimai xadim olub. Buna görə biz bunu vermişik, yalnız “Youtube”  kanalında. O ki qaldı xütbə ilə bağlı deyilənə, xütbədən yalnız bir dəqiqə Hacı Şahinlə bağlı hissəni “Youtube”də vermişik, o da canlı olmayıb, orada başqa bir fikir olmayıb".

Qeyd edək ki, məsələ ilə bağlı Milli Məclisin deputatı Fazil Mustafa işgüzar səfərdə olduğu üçün suallara cavab verilməyib.