“Nə qədər ki, hakimiyyətdədirlər, dayanmayacaqlar” - - Müsahibə

ne-qeder-ki-hakimiyyetdedirler-dayanmayacaqlar-
Oxunma sayı: 2141


Müsavat Partiyasının başqanı İsa Qəmbərin “Qafqazinfo”ya müsahibəsi:

- İyulun 13-də Müsavat Partiyası Məclisinin toplantısında hamı Məclisin yekun seçki qərarını verəcəyini gözləyirdi və qərar verildi də. Amma Müsavatın bu qərarı Milli Şurada təmsil olunan bəzi qüvvələr tərəfindən yenə də birmənalı qarşılanmadı. Ümumiyyətlə, İsa bəy nə etmək lazımdır ki, bu söz-söhbətlər səngisin?

- Biz Müsavat Partiyası olaraq mövqeyimizin düzgün, ədalətli və xalqın, ölkənin, demokratik düşərgənin xeyrinə olduğuna əminik. Ona görə də mən Məclisdə fərqli bir qərar qəbul olunacağını gözləmirdim. Çünki partiya rəhbərliyinin mövqeyi mənə bəlli idi. Məclis üzvlərinin də bir çoxları ilə fikir mübadiləmiz, məsləhətləşmələrimiz olmuşdu. Ona görə də, biz fərqli bir qərar gözləmirdik. Həmin gün kifayət qədər açıq diskussiya getdi, fərqli fikirlər də söylənildi. Amma bütövlükdə partiya Məclisi yekdilliklə həm Milli Şuranın yaranmasını, həm Milli Şurada vahid namizədin müəyyənləşdirilməsini, həm də Müsavat Partiyasının Milli Şuranın yaranmasında, fəaliyyətində və vahid namizədin müəyyənləşdirilməsindəki rolunu, mövqeyini  müsbət qiymətləndirdi. Bütövlükdə partiya rəhbərliyin qərarlarını təqdir etdi. Bu bizim üçün gözlənilən mövqe idi və yolumuza davam edirik. Fərqli fikirlər ola bilər və biz fikirlərin hamısına diqqətlə yanaşmağın tərəfdarıyıq. Amma hesab edirəm ki, əgər biz düzgün mövqedəyiksə, fərqli maraqlardan Müsavatın mövqeyini qəbul etmək istəməyənlərin fikri bizim üçün həlledici ola bilməz. Bizim üçün həlledici ölkənin, xalqın, demokratik düşərgənin maraqlarıdır və biz bu yolumuzu davam etdirəciyik. Əslində mövqeyimiz də çox aydın və şəffafdır. Biz bildirmişik ki, Milli Şuranın, demokratik düşərgənin seçkilərdən kənarda qalmasına yol vermək olmaz. Əminəm ki, bunu cəmiyyətin də əksəriyyəti başa düşür və düzgün qiymətləndirir. 

- Amma elə Milli Şurada təmsil olunan partiya liderlərindən ACP sədri Sülhəddin Əkbər sizin partiyanın prezidentliyə namizəd irəli sürmək qərarının saxlanmasını demokratik qüvvələrin, Milli Şuranın yürütdüyü strategiya baxımından düzgün hesab etmədiyini bildirib. 

- Bu da onun fikridir.

- İsa bəy, kənardan belə görünür ki, siz vahid namizəd olmağa iddialısınız. Namizədliyinizi saxlamağınız da buna sübut kimi göstərilir. 

- Biz dəfələrlə bildirmişik ki, bu gün mövzu Müsavat - Milli Şura, Rüstəm İbrahimbəyov- İsa Qəmbər mövzusu deyil. Mövzu odur ki, Milli Şura, demokratik düşərgə, real müxalifət seçkilərdə iştirak edəcək yoxsa etməyəcək. Bizim mövqeyimiz də Milli Şuranın əksəriyyəti tərəfindən anlayışla qarşılanır. Elə Milli Şuranın bir çox üzvlərinin bu mövzudakı açıqlamaları, müsahibələri də bunu təsdiq edir. Milli Şuranın fəlsəfəsi partiyalara birbaşa bağlı olmayan intellektuallardan birinin iki illik keçid dövrünə vahid namizədliyi ilə bağlı bir yanaşmadır. Biz də öz mövqeyimizlə, qərarımızla Milli Şura üzvlərini bu istiqamətdə düşünməyə dəvət etmişik. Hesab edirəm ki, bu düşünmə prosesi başlayıb və davam edir. Biz Rüstəm İbrahimbəyovun vahid namizədliyinə səs vermişik, vahid namizədliyinin uğurlu olması, qeydiyyatdan keçməsi və seçkilərdə qalib gəlməsi üçün Müsavatdan asılı nə varsa ediləcək. Hətta, diqqət yetirdinizsə mən Məclisdəki çıxışımda dedim ki, əgər zərurət varsa Müsavat Partiyası Rüstəm İbrahimbəyov üçün 40000 imzanın hamısını toplamağa qadirdir. Eyni zamanda Rüstəm İbrahimbəyovun namizədliyi qeydə alınmayacağı təqdirdə Milli Şuranın, demokratik düşərgənin, real müxalifətin seçkidən kənarda qalması bizim üçün məqbul deyil. Hesab edirəm ki, demokratik düşərgənin maraqlarından çıxış edən əksəriyyət üçün də məqbul deyil. 

- Əgər seçkidə iştirak edib məğlub olsanız, bu sizə mənəvi zərbə vura bilərmi? Eyni zamanda xalqın inamı da yenidən sarsılar.

- Müsavat Partiyası və mən iştirak etdiyimiz bütün seçkilərdə qalib gəlmişik. İndiyə qədər heç bir seçkini uduzmamışıq. Bu gerçəklikdir ki, əksər hallarda qələbəmiz oğurlanıb. Seçkidə hər zaman qalib gəldiyimiz üçün inanırıq ki, iştirak etdiyimiz bundan sonrakı seçkilərdə də qalib gələcəyik. Eyni zamanda mən yenə də deyirəm ki, bu gün mövzu bizim seçkidə iştirakımız deyil, demokratik düşərgənin seçkilərdən kənarda qalmamasıdır. 

- Ümumiyyətlə, prezident seçkiləri ilə bağlı namizədlik məsələsi müzakirə olunanda AXCP ilə Müsavat arasında qalmaqal baş verir. Sizcə bu nə ilə bağlıdır?

- Partiyaların üst-üstə düşən mövqeləri olduğu kimi, fərqli yanaşmaları da ola bilər. AXCP-nin də bir çox məsələlərdə mövqeyi Müsavat Partiyası ilə üst-üstə düşür. Ancaq eyni zamanda fərqli maraqları da ola bilər. Fərqli maraqları da müxtəlif şəxslər, müxtəlif şəkillərdə ifadə edə bilərlər. Sadəcə olaraq, bu proses zamanında hər kəs diqqətli olmalıdır, müəyyən sərhədləri keçməməlidir. 

- Bu ilki prezident seçkilərində müxalifətin son şansı olduğunu, əgər bu son şansı əldən verərsə, zəif olan müxalifətin məhv olacağını söyləyənlər var. Bu fikirlərlə razısınız?

- 1995-ci ildən bəri bu fikir səslənir. O vaxtdan hər dəfə deyirlər ki, müxalifət zəifdir və bu seçki müxalifətin son şansıdır. Amma seçkilərin hamısında da biz qalib gəlirik, qələbəmiz oğurlanır və yenə də həmin söhbət başlayır. Ölkədə avtoritar rejim var. Xalqın əksəriyyəti bu hakimiyyətdən narazıdır və hakimiyyətin dəyişməsini istəyir. Bu vəziyyətdə müxalifətin zəif olması mümkün deyil. O baxımdan bu rejim dəyişənə qədər Azərbaycanda güclü müxalifət olacaq. Çünki əslində bütün xalq müxalifətdədir. 

- Siz də qeyd etdiniz ki, hər kəs bu hakimiyyətin dəyişməsini istəyir. Bəs səslərin oğurlanmaması, seçkinin şəffaf keçirilməsi üçün nə etmək lazımdı?

- Siyası qüvvələrin yekdil və düzgün mövqe nümayiş etdirməsi lazımdır. Diqqət etdinizsə hər iki şərti dedim. Həm yekdil, həm də düzgün mövqe lazımdır. Çünki bəzən yanlış mövqedə yekdillik, həmrəylik ifadə olunursa, o uğura aparan yol deyil. Eyni zamanda cəmiyyətin fəallaşdırılması lazımdır. Bu da təbii ki, ilk növbədə demokratik düşərgədən, vətəndaş cəmiyyətindən asılıdır. Yekdil və düzgün qərarlar qəbul edib, cəmiyyət fəal olarsa hakimiyyət seçkiləri saxtalaşdıra bilməz. 

- Əgər bu dəfəki prezident seçkisində müxalifət qələbə qazanmazsa, ölkədə nə baş verəcək?

- Biz qələbəyə inanırıq və qələbə uğrunda mübarizə aparırıq. Başqa variantları ekspertlər araşdırsınlar. Bizim məqsədimiz seçkilərdə qələbədir. 

- Facebook sosial şəbəkəsindəki qruplardan birində sizin qərargahın xərclərinin Ramil Usubov tərəfindən ödənildiyi ilə bağlı müzakirələr getmişdi. Bununla bağlı sizin də mövqeyinizi bilmək istərdik.

- Bu cür gülünc söhbətləri səsləndirmək özü qeyri-ciddidir.

- Həmin məsələyə Arif Hacılı da münasibət bildirmişdi. Düşündüm ki, başqanın da fikrini öyrənmək maraqlı olar. 

- Hər dəfə kimsə bir yalan söz deyəcəksə, biz rəsmi surətdə o yalanı təkzib etməliyik? Yalan elə yalandı da... Bu, azacıq vicdanı, obyektiv yanaşması olan hər kəsə bəllidir. 

- İsa bəy, maraqlıdır niyə məhz sizinlə Rüstəm İbrahimbəyovu qarşı-qarşıya qoyurlar. Əgər bu namizədlik məsələsi ilə bağlıdırsa KXCP sədri Mirmahmud Mirəlioğlu da hələ ki, namizədliyi geri götürməyib. Ona qarşı niyə belə təpkilər yoxdur?

- Müsavat Partiyası ölkədə həlledici siyasi qüvvələrdən biridir. Bəlkə də birincisidir. Aydın məsələdir ki, ölkədə fəaliyyət göstərən siyasi qüvvələr öndə olan qüvvələrlə bağlı hər zaman müəyyən narahatcılıq yaşayırlar, yaşayacaqlar və həmin qüvvəyə qarşı müəyyən əks təbliğatlar da olur. Buna biz adət etmişik və bu bizi narahat etmir. 

- Milli Məclisin eks-spikeri Rəsul Quliyevin ya Rüstəm İbrahimbəyov, ya da boykot fikrinə münasibətinizi də öyrənmək istərdik.

- Bunu yanlış mövqe hesab edirik. Çünki biz də elə diqqəti ona cəlb etmək istəyirik ki, baykot yanlış xətdir və demokratik düşərgə, Milli Şura mütləq seçkilərdə iştirak etməlidir. Çünki hakimiyyətə gəlməyin yolu biz demokratik qüvvələr üçün seçkilərdə iştirak etməkdir. 

- Sizcə Rüstəm İbrahimbəyov söylədiyi vaxtda gələ biləcəkmi? 

- Mənə elə gəlir ki, dediyi vaxtda gələcəksə, işlərin hamısını çatdırmaq mümkün olacaq. 

- Bəs Rüstəm İbrahimbəyovun həbs olunmaq təhlükəsi varmı?

- Azərbaycanda həbs olunmaq təhlükəsi bu hakimiyyətə qarşı mübarizə aparan hər bir insan üçün var. Siyası liderlər, ictimai fəallar, sadə vətəndaşlar- bir sözlə hər kəs üçün bu risk var. Bu mübarizənin məntiqidir. Ölkədəki avtoritar rejim ona qarşı mübarizə aparanlara repressiyanı heç zaman dayandırmayıb və nə qədər ki, hakimiyyətdədirlər dayandırmayacaqlar da. 

- Bildirilir ki, Rüstəm İbrahimbəyovun namizədliyinin qeydə alınmaması üçün hakimiyyət hər vəchlə əngəl törətməyə çalışır. Onun Rusiya vətəndaşı olmasını, vergi borclarını, Azərbaycanda yaşamamasını və sairəni əsas gətirərək namizədliyini qeydə almaq istəmir.  Bu qədər problemləri olan birini nə üçün vahid namizəd seçdiniz?

- Milli Şuranın fəlsəfəsinə uyğun gələn əsas namizədlərdən biri Rüstəm İbrahimbəyovdur və Milli Şuranın yaranmasında da əsas təşəbbüskarlardan biri olduğunu nəzərə alsaq məhz onun üzərində konsensus əldə olundu. 

- Siz özünüz də  bildirmişdiniz ki, Milli Şurada Rüstəm İbrahimbəyovla yanaşı başqa ziyalılar da təmsil olunur. Elə o digər ziyalıları vahid namizəd elan etmək olmazdımı?

- Bu Milli Şuranın müzakirə edib qərar qəbul edəcəyi bir məsələdir. 

Gülnar Bəşirova