“Avropa da istər-istəməz antiAzərbaycan siyasət ab-havasını dəyişdirəcək”.
“Qafqazinfo” xəbər verir ki, bunu siyasi ekspert Ramiz Yunus “Real Tv”yə müsahibəsində bildirib.
Ekspert qeyd edib ki, 30 il ərzində sol liberal ideologiya formalaşmışdı:
“İflasa uğrayan bu ideologiya Amerikada sosial sifariş idi. İndi bu sosial sifariş yavaş-yavaş Avropaya gedir. Avropadakı “metastazlar” xüsusilə başda Fransa olmaqla, Avropa İttifaqı və onun parlamentində hələ də qalıb. Əlbəttə, bu, bizlər üçün qorxulu deyil, amma var və bunu nəzərə almalıyıq. Çünki it hürər, karvan keçər. Çünki biz ermənipərəst Baydenin dövründə hər şeyə nail olmuşuq. Hətta biz gözləmirdik ki, proqram minimum olacaq. Biz minimumu etdik, hətta gedib maksimuma da çatdıq. Yəni bunu Bayden adminstrasiyasının dövründə edə bilmişiksə, avropalılar kimdir?! Baxın, görün, onlar Ukraynada özlərini necə aparırlar?
Biz bunu, coğrafiyamızı nəzərə almalıyıq, müttəfiqlərimizi düz seçməliyik. Amerika və Avropa arasında nə qədər çox rəqabət olsa, bu da bizim xeyrimizədir. Deməli, bu rəqabətdə biz güclü tərəfin yanında olmalıyıq. Çünki güclü tərəf bu gün Amerikadır. Amerika da artıq can atır bu məsələyə. Ona görə də Avropa da istər-istəməz antiAzərbaycan siyasət abhavasını dəyişdirəcək. Çünki bu gün o parlament heç nə həll eləmir. Amma Avropa İttifaqında Azərbaycana, bu logistikaya, coğrafiyaya böyük ehtiyac var. Bu coğrafiyada, Cənubi Qafqazda lider dövlət Azərbaycandır, Yaxın Şərqdə 6 dövlət içində isə lider Türkiyədir. Türkiyəsiz, Azərbaycansız onlar bu regiona ayaq basa bilməzlər”.
Ətraflı videomaterialda: