“Ötən il Azərbaycana 240 mindən çox iranlı gəlib” - Nazir

oten-il-azerbaycana-240-minden-cox-iranli-gelib
Oxunma sayı: 2421

Martın 15-də Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının 13-cü iclası keçirilib.

"Qafqazinfo" xəbər verir ki, iclasda İqtisadiyyat naziri, Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev vurğulayıb ki, son 5 ildə Azərbaycan-İran əlaqələri xüsusilə inkişaf edib və yeni mərhələyə qədəm qoyub. Ölkələrimiz arasında əməkdaşlığın möhkəm müqavilə-hüquq bazası yaradılıb, müxtəlif sahələrdə 150-dən çox, son 5 ildə 50-yə yaxın sənəd imzalanıb.

Şahin Mustafayev bildirib ki, Azərbaycanda qeydiyyatdan keçmiş İran şirkətlərinin sayı 1000-i ötüb, İranın Azərbaycana yatırdığı investisiyaların həcmi 3,4 mlrd. ABŞ dollarına çatıb. Azərbaycan iş adamları da İran iqtisadiyyatına investisiyalar yatırır. Azərbaycan və İran birgə layihələri çərçivəsində Neftçala Sənaye Məhəlləsində avtomobil istehsal edilir, Bakıda Azərbaycan-İran klinikası açılıb, Pirallahı Sənaye Parkında birgə əczaçılıq zavodu tikiləcək.

2018-ci ildə ticarət dövriyyəsi 74% artaraq 446 mln. dollar təşkil edib. 

Şahin Mustafayev qeyd edib ki, 2016-cı ildə Azərbaycan və İran dəmir yollarının əlaqələndirilməsi haqqında Hökumətlərarası Sazişin və Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin reallaşdırılması sahəsində əməkdaşlıq haqqında Niyyət Protokolunun imzalanması həyata keçirilən tədbirlər üçün hüququ zəmin yaradıb.

Bununla yanaşı. Astarada iki ölkənin dəmir yollarının birləşdirilməsinə nail olunub, Astaraçay çayı üzərində dəmir yolu körpüsü istismara hazır vəziyyətə gətirilib, quru yük terminalının 1-ci fazası istifadəyə verilib. Mart ayının 6-da Qəzvin-Rəşt dəmir yolunun açılması yalnız Şimal-Cənub deyil, eyni zamanda Cənub-Qərb Nəqliyyat Dəhlizinin də inkişafı istiqamətində atılmış çox mühüm addımdır.

Gömrük sahəsində görülən işlərdən danışan Şahin Mustafayev ötən ilin mayından Biləsuvar, Astara və Culfa sərhəd-keçid məntəqələri 24 saatlıq iş rejiminə keçdiyini, Şahtaxtı-Poldəşt məntəqəsinin iş rejiminin bu ilin fevral ayından 12 saatdan 16 saata artırıldığını qeyd edib.

Vurğulanıb ki, Azərbaycan və İran energetika sahəsində də səmərəli əməkdaşlıq edirlər. SOCAR və İranın NİCO şirkəti arasında uğurlu əməkdaşlıq əlaqələri vardır. Ölkələrimiz arasında Naxçıvan Muxtar Respublikasının qazla təmin olunmasında əməkdaşlıq həyata keçirilir.

Dövlət Komissiyasının həmsədri qeyd edib ki, son illərdə Azərbaycana səfər edən İran vətəndaşlarının sayının artdığı müşahidə edilir. 

Belə ki, 2018-ci ildə 240 mindən çox iranlı Azərbaycanda olub. ASAN viza vasitəsilə viza alan əcnəbilərin sayına görə İran vətəndaşları 1-ci sıradadır.

İranın İqtisadi işlər və maliyyə naziri, Dövlət Komissiyasının həmsədri Fərhad Dejpəsənd son illərdə Azərbaycan-İran əlaqələrinin daha da inkişaf edərək yüksək səviyyəyə çatdığını qeyd edib. İranlı nazir qeyd edib ki, ölkələrimiz arasında ticarət dövriyyəsinin artması müsbət haldır.

İclasın sonunda Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 13-cü iclasının yekunlarına dair Protokol imzalanıb. Sənədi Komissiyanın həmsədrləri - İqtisadiyyat naziri Şahin Mustafayev və İranın İqtisadi işlər və maliyyə naziri Fərhad Dejpəsənd imzalayıb.

Dövlət Komissiyasının iclası çərçivəsində İranın “Etihad” şirkəti ilə Azərbaycanın “Azərmaş” ASC arasında Neftçala Sənaye Məhəlləsində avtomobil ehtiyat hissələrinin istehsalına, həmçinin “Qartal” şirkəti və “Azərmaş” ASC arasında Hacıqabul Sənaye Məhəlləsində avtobus istehsalına dair Anlaşma Memorandumları imzalanıb.