Ölkəmiz şanlı zəfərin 5-ci il dönümünə böyük təntənə ilə hazırlaşır. 8 Noyabr - Zəfər Günü ərəfəsində “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs Xankəndini təsvir edən, onu misralarında yaşadan yeni şeirini saytımıza təqdim edib.
“Qafqazinfo” tanınmış şairin “Xankəndi və M.Zəkiyə” adlı şeirini oxucularla bölüşür:
Tavanı – göy şüşəli,
Döşəməsi – meşəli...
Ovçunun yuxusunda
Marala bənzəyir o.
Dağların yaxasında
Medala bənzəyir o.
Burda bahar payızı,
Qış yayı məst eləyir.
Bu yerlərin havasın,
Bu göylərin yağışın
Üzeyir bəstələyir.
Burda doğulmur adam
Əkilir şitil kimi.
Adladım yurddan yurda
Şütüyən sətir kimi.
Gəzdim düzü, dünyanı
Bu düz – dünya tükəndi.
Sənə dönmüşəm, Xanım,
Sənə dönmüşəm, kəndim.
Dünyada nələr gördük
Həyatımız baş-ayaq:
Yaşamaq vaxtı öldük,
Ölmək vaxtı yaşayaq!
Tavanı – göy şüşəlim,
Döşəməsi – meşəlim...
Son xəbərlər
Son Xəbərlər