Tolikdən Seymur Baycana dəstək - “Maliyyələşdirəcəm ...”

tolikden-seymur-baycana-destek
Oxunma sayı: 4551

Tolik Seymur Baycanın kitabla bağlı təklifinə müsbət cavab verib. “Qafqazinfo”nun məlumatına görə, məşhur prodüser Tarix Əliyev ( Tolik) bu barədə sosial şəbəkədə yazıb. 

O bildirib ki, məbləği açıqlasa, Seymur Baycana kömək etməyə çalışacaq:

“Seymur Baycanı şəxsən tanımıram, amma 2 il əvvəl mənim haqqımda məqalə yazmışdı. Düzdü, məni həm tənqid etmiş, həm də xoşniyyətli fikirlərini irəli sürmüşdü. Sənəti olan insanlar hər zaman başqasının uğuruna sevinmir. Düşünür ki, niyə mən 3 diplom sahibi, ali savadlı olmağıma baxmayaraq başqalarının imkanı var.  Dünən gəlmiş, heç bir universitet bitirməyən birinin indi maşını, evi olur. Amma bu Allahın verdiyi ruzidir. İndiki imkanlı daydaylara kitab, kino, teatr maraqlı deyil. Onlara xanım müğənni lazımdır. Yanlarında ora-bura getsinlər. İndi Seymur bəy kitabının çap olunması üçün lazım olan məbləği açıqlasa, mən çalışacam onu maliyyələşdirim”.

Seymur Baycan Tolikin təklifinə cavab yazıb. O, facebook hesabında prodüserə yardım təklifi üçün təşəkkür edib:

"Tolik bir çoxlarından daha insani münasibət göstərdi. Bu vaxta qədər kitab nəşr edəndə kitabın nəşrinə köməklik edən adamların adın çəkməmişəm. Bəzən bunu özləri də istəməyib, amma Tolik kitabın nəşrinə həqiqətən də sponsorluq etsə, bu dəfə ənənəni pozacam. Kitabin elə birinci səhifəsinə iri və qara şriftlərlə yazacam ki, kitabin nəşrində göstərdiyi köməkliyə görə Tolikə dərin minnətdarlığımı bildirirəm".

Qeyd edək ki, Seymur Baycan facebook hesabında müraciət yayımlayıb:

“Bir kitab var, nəşr olunmalıdı. Kim kitabın nəşrini maliyyələşdirə bilər? Başa düşürəm böhrandı, iqtisadi çətinliklər var. Bununla belə, düşünürəm bəlkə kimsə ... birdən ... nəsə ...

Olmasa da problem deyil. Hansı xalqa mənsub olduğumu, kimlərin arasında yaşadığımı bir daha dərk edərəm. Trotski demişkən reallığı dərk etmək qələbənin yarısı deməkdir”.