İki cür cibgir var...

-iki-cur-cibgir-var
Oxunma sayı: 2249


Hələ qədim Romada Yuli Sezar qərar veribmiş ki, cibgirlərin barmaqları yandırılsın. Bir müddətdən sonra ölkədə barmaqları yanan, yaxud yanmış barmaqlarını parçalarla bağlayan adamları görmək olarmış. İmperiya rəhbərinin qərarından sonra da cibgirlik halları azalmayıb. Ölkələri diz çökdürən Sezar cibgirlərin qarşısında güzsüz qalıb. 

Yuli Sezarın öhdəsindən gələ bilmədiyi cibgirlər həmişə olub, bundan sonra da olacaq. Onlardan qorunmanın üsulu adamların özlərindən asılıdır. Azərbaycanda da Qızılbarmaq Fatma kimi məşhur cibgirlər olub. Hətta qonşu Gürcüstandan Azərbaycana gələn məşhur cibgirin burdakı həmkarı ilə yarışmasından məğlubiyyətlə ayrılmasına dair rəvayətlər də var. Azərbaycanlı cibgir gürcü cibgirin saqqızını, sözün həqiqi mənasında ağzından oğurlamağı bacarıb və əfsanələşib. Bu yazıda cibgirlərin əməlini nəzmə çəkmək niyyətimiz yoxdur. O cəhətdən ki, onların əməlləri insanlıqdan uzaqdır. Amma köhnə cibgirlərin əməlləri indikilərin əməllərindən bəzi humanist cəhətlərinə görə fərqlənib. Azərbaycanın köhnə cibgirləri kasıbları soymayıblar və əkişdirdikləri qənimətin yarı hissəsini yetimlərə xərcləyiblər. İndiki cibgirlər isə yaşlı insanın təqaüdündən tutmuş, ümüdünü məvacibə bağlayanlara belə rəhm etmirlər. Məhz buna görə də indiki cibgirlər çox amansızdır və Allah xofundan çoxdan qorxmurlar. Və onlar üçün müqəddəs heç nə yoxdur. 

İki cür cibgir var: tək işləyənlər və cüt işləyənlər. Tək işləyənlər “ova”  ayda 2-3 dəfə çıxırlar və əsasən külli miqdarda qənimət ələ keçirirlər. Onları yaxalamaq çox çətin olur. Kriminalistlər də etiraf edir ki, tək işləyən cibgirlər çox ehtiyatlı və tədbirli olurlar. Onlar obyekti hətta günlərlə izləyib onun hərəkət trayektoriyasını əzbərdən bilirlər. Obyekti soyandan sonra sakitliyə çəkilir və günlərlə cəmiyyət arasına çıxmırlar. Tək işləyən cibgirləri canavar da adlandırırlar. Canavarlar hücum etdikləri məkana ikinci dəfə qayıtmadıqlarından, sözügedən cibgirlər də həmin məkana qayıtmırlar. Zooloqların fikirlərinə görə canavarlar həmin məkana ona görə qayıtmırlar ki, hücum etdikləri yerə ikinci dəfə zərər vurmaq istəmirlər, bu onların mərdliyindən irəli gəlir. Tək işləyən cibgirlər isə həmin məkana ona görə ikinci dəfə qayıtmırlar ki, yaxalana bilərlər. Deməli, o, canavar qədər mərd deyil, sadəcə tədbirlidir. 

Cüt şəkildə işləyən cibgirlər isə gündəlik kiməsə plan verənlər olur. Onları bu işə cəlb edənə. Belə kateqoriyalı cibgirlər üçün qənimətin az, ya çoxluğunun fərqi yoxdur. Onlar gün ərzində həm avtobus, həm də metroda olur, məkanları dəyişirlər.

Beləliklə, cibgirlərdən necə qorunmaq olar. Onların ən çox istifadə etdikləri taktika belədir. Məsələn, sərnişin avtobusa qalxıb salona daxil olmağa çalışır. Pilləkən üzərində bir nəfər durub, arxadan başqa sərnişinsə sizi tələsdirir. Siz qarşınızdakı şəxsə irəli getmək lazım olduğunu deyirsiz. O, isə yerindən tərpənmir, arxadakı şəxs isə sizə irəli getmək lazım olduğunu bildirir. Həmin iki nəfər əksər vaxtlarda cibgir olurlar. Nəticədə, siz bir neçə saniyəlik psixoloji gərginlik içində qalırsız və çantanızdan, yaxud arxa cibinizə qoyduğunuz pul kisənizdən xəbəriniz olmur, onun mövcudluğunu unudursuz. Bax, həmin anlar cibgirlər üçün münbil şərait yaranır, qənimət üzərində rahatlıqla işlənilir. İşini görüb qurtarandan sonra arxadakı cibgir qəniməti dırnaqarası həmkarına ötürür. Qarşıdakı isə guya nə isə yadına düşübmüş kimi avtobusu tərk edir. Arxadakı isə növbəti dayanacaqda düşür. Sizin isə heç nədən xəbəriniz olmur. Çox təəssüf ki, cibgirlərlə əlbir işləyən avtobus sürücüləri də onlara yardım edir. Onlarla əlbir işləyən sürücü tez-tez “tormoz” edərək sərnişinləri yırğalandırmaqla cibgirlərin rahat işləmələrinə şərait yaradır. Yaxud, “yırtıcı sərnişinləri”n harda gəldi düşmələrini təşkil edirlər. Təbii ki, qənimətdən ona da verilir. Vicdanlı sürücülər isə onlara qarşı heç nə edə bilmədiklərindən, sadəcə, avtobusa xəbərdarlıq elanı vururlar: “İtən əşylara görə sürücü cavabdeh deyil”. Yadda saxlayın ki, o cür elanlar vurulan avtobuslarda daha çox ehtiyatlı olmalısınız. Deməli, bundan əvvəl burada cibgirlik hadisələri baş verib və bura potensial talan obyektidir. 

Cibgirlərdən müdafiə olunmanın ən yaxşı üsullarından biri ictimai nəqliyyatda yatmamaqdır. İkincisi, pəncərədən çox çölə baxanlar da qurbana çevrilə bilərlər. Onu da yadda saxlayın ki, cibgirlər həm də hipnozçudur. Onlar uzun barmaqların gətirdiyi uğurdan əlavə, həm də gözləri ilə obyekti hipnoz etməyi bacarırlar. Bir qeydi də yadınızda saxlayın. Çikaqo kriminalistlərinin ötən il apardıqları araşdırmaların nəticələrinə əsasən cibgirlərin əksəriyyəti başlarına papaq qoyurlar. Onlar bunu iki məsələ ilə izah edirlər: 1. Papaq onların başını sıxır, guya beyin sıxılır və kənar fikirlər yada düşmür, nəticədə dəqiq plan üzərində işlənilir. 2. Papaq – cibgirin şəxsiyyətinin müəyyən edilməsini nisbətən çətinləşdirir. 

Bundan başqa unutmayın! Əgər cibgirin barmaqlarının çantanızda, yaxud pul kisənizdə gəzdiyini yaxalasaz, qışqırıb hay-küy salmayın. Sadəcə, gözlərinə baxıb anladın ki, “mən səni yaxaladım”. Birincisi, qışqrma hələ onun cibgirlik etməsinin sübutu deyil. İkincisi, bununla özünüzü təhlükəyə atarsız. O, sizə fiziki xəsarət yetirə bilər. Və üçüncüsü: cibgirlərin əksəriyyəti yaxalananda işini davam etdirmir, əlini çantadan, yaxud pul kisəsindən çəkir, sürücüyə “saxla” deyərək düşür. Bu hadisə metroda baş versə o, sadəcə oradan uzaqlaşır. 

Sərnişinlərin əməl etməli olduqları digər məsləhətlər: 

1. Pulunuzu bir yerə qoymayın. Qədim çinlilərin bir atalar sözü var: “Ağıllı adam bütün yumurtaları eyni səbətə yığmaz”. Çünki, sınanda hamısı birdən sınar. Pulu bir yerə qoysanız hamısı eyni vaxtda oğurlanacaq. Onları ciblərinizdə paylaşdırın. 

2. Avtobus və metroya daxil olarkən qapı yanında qərar tutmayın. Cibgirlik salonun mərkəzində deyil, əsasən qapıların yanında baş verir. 

3. Avtobusdan birinci düşmək imkanı varsa, elə də edin. Əgər birinci düşmək imkanı yoxdursa, sadəcə gözləyin, düşənlərin axarına düşməyin. Belə vəziyyət də cibgirlər üçün unikal şərait deməkdir. 

4. Pul kisəsini arxa cibə qoymayın. Düzdür, son vaxtlar bu, gənclərimiz arasında dəbə çevrilib, deməliyəm ki, yaxşı hal deyil. Əslində bununla “hörmətli” cibgirləri sevindirmiş olursuz. Bununla da onlar sizə “dua” edirlər. 

5. Cantanızın zəncirbəndini açıq vəziyyətdə saxlamayın. 

6. Pulunuzu, bahalı mobil telefonunuzu açıq şəkildə nümayiş etdirməyin. 

7. Pulunuzu əsasən geyimin iç ciblərinə qoyun, düymə, ya da zəncirbəndlə bağlayın. Həmin yerlər cibgirlərin işləməsi üçün ən çətin yerlər sayıldığından oralara barmaq uzatmırlar. Və nəhayət, cibgirlər dünyanın murdar və amansız adamlarıdır.