“Tapşırıq necə təcili gəlibsə, başınızı itirmisiniz!” - Elşən Musayev

tapsiriq-nece-tecili-gelibse-basinizi-itirmisiniz
Oxunma sayı: 962

Düşünürəm, Avropa Parlamentinin nizamnaməsini, əsasnaməsini yenidən, səhifə - səhifə oxumaq, oradakı bütün müddəaları ciddi - ciddi incələmək lazımdır. Niyə?! - Çünki artıq məndə əminlik yaranıb ki, həmin sənədlərdə və ya təşkilatın hərəki prioritetləri əks olunan digər “yol xəritələri”ndə Azərbaycanla bağlı nəsə xüsusi bir maddə, göstəriş, imperativ norma var. Məsələn; Kvartalda bir dəfə Azərbaycana hücum etmək, Azərbaycana iftira atmaq, Azərbaycanın əsəbləri ilə oynamaq və sair, ilaxır.

Yoxsa niyə belə olsun ki?

Səhər o başdan ayılırlar, gözlərinin kirini silməmiş təcili iclas çağırırlar və 45 dəqiqə içində əvvəldən hazırlanmış qərəzli materialı (üstəlik, müzakirəsiz - filansız) səsverməyə çıxararaq qəbul edirlər.

Riyakarca. Vicdansızca. Məntiqsizcə. Biabırcasına...

Və sonra sorğu göndərirsən, sual verirsən, əsas (mənbə, istinad) istəyirsən - gözlərini döyürlər.

Yenə də riyakarca, vicdansızca, məntiqsizcə, biabırcasına...

Görün nə deyir, nə tələb edir, nə “qırıldadır”, Avropalı “makler”lər;

1) “Hərbi əsir”ləri azadlığa buraxın.

Hansı “hərbi əsir”ləri?!

Söhbət davamlı müharibə cinayətləri, amansız qətliamlar, sistemli vandalizm aktları törədən insanlardan gedir?

A bəylər, a cənablar, a informasiyanı 6 - cı, 7 - ci “əl”dən alan dünyadan bixəbərlər!

Barı sənədin altına imzanızı qoymadan, məsələyə münasibət bildirmədən öncə haqqında bəhs olunan şəxslərin tərcümeyi - halını, cinayət dosyesini, ifadələrini oxuyun da...

Oxuyun və bilin: Adamlar məhkəmədə dil - dil ötərək etiraf(lar)da bulunublar və hələ bizim bəzi bilmədiklərimizi də həmin etiraflara əlavə ediblər. Ki, bəli, filan əməllərin, cinayətlətin baiskarıyıq və bunu boynumuza alırıq.

2. Dağlıq Qarabağ erməniləri maneəsiz və ləyaqətli şəkildə geri qaytarılsın.

Öz də qayıtsın da yox e, qaytarılsın!

Neyləyək, pişvazlarına maşın göndərək? Elçi göndərək? Müşaiətçi göndərək? Mühafizə göndərək?

Azərbaycan nə zaman deyib ki, qayıdış mümkün deyil? Azərbaycan nə zaman birgəyaşayışın əleyhinə olub, nə vaxt buna qarşı çıxıb?

- Heç zaman...

Amma, görürsüz, bundan da xəbəriniz yoxdur. Və ola da bilməz.

Çünki “səhər şirinçayı”nızla Qətnamə qəbulunuz arasındakı məsafə 1saat olub!

Çünki tapşırıq, göstəriş, əmr necə təcili gəlibsə, başınızı itirmisiniz!

Çünki bir sənədi oxumadan, təhlil etmədən (sadəcə) düymə basan və notariatçı funksiyasını həyata keçirən hərdəmxəyallardan zatən bundan artığını gözləməyə dəyməz.

3. Mədəni irsin məhv edilməsi dayandırılsın.

Bax, bu artıq oldu – özünüifşa, tragikomediya, rəzilliyin “everesti”, “Axırıncı yol”.

Niyə?! Ona görə ki, sizin hələ xəbəriniz belə yoxdur: Bu torpaqların əbədiyyən Azərbaycana aid, məxsus olmasına rəğmən, 30 il işğal altında qalmasından. Məscidlərdə donuzların saxlanmasından. Tarixi abidələrin, binaların, hətta qəbirlərin (!) məhz erməni tərəfindən dağıdılmasından, viran qoyulmasından.

Nəhayət, ən sonda...

Sizə sual ünvanlamaq istəyirəm, ay Qətnamənin müəllifləri, ay “yaşıllar”, ay sosialistlər, ay demokratlar, ay Don və Cek “müəllimlər”!

Əgər Ermənistanın siyasi rəhbərliyi “hərbi əsir”, “ləyaqətli qayıdış”, “mədəni irsin məhvi” kəlmələrini dilinə gətirmirsə, belə bir iddia irəli sürmürsə, rəsmi Bakını məlum mövzularda ittiham etmirsə, o zaman siz niyə yuyulmamış çömçə kimi ortalığa atılmısınız? Siz niyə özünüzə əl qatmısınız? Siz niyə təlaşdasınız?

Dahamı “ağıllısınız”? Dahamı məlumatlısız? Dahamı cəfakeşsiniz?

Papadan dahamı artıq kotoliksiniz?!

Elşən Musayev,

Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri