100 il sonra yeni pinqvin növü kəşf edildi

100-il-sonra-yeni-pinqvin-novu-kesf-edildi
Oxunma sayı: 435

Alimlər DNT analizi nəticəsində uzun müddət tək növ hesab edilən Cento pinqvinlərinin, əslində, dörd ayrı növdən ibarət olduğunu müəyyənləşdiriblər. Bu, 100 ildən çox müddətdən sonra elm üçün yeni pinqvin növünün müəyyən edilməsi kimi qiymətləndirilir.

“Qafqazinfo” xəbər verir ki, Kaliforniya Universitetinin Berkli kampusunun rəhbərliyi ilə aparılan araşdırmada beş qitədən 22 alim iştirak edib.

Tədqiqatın nəticələri “Communications Biology” jurnalında dərc olunub.

Alimlər dörd bölgədə yerləşən 10 koloniyadan 64 pinqvinin DNT-sini araşdırıblar. Nəticədə Şimal, Cənub, Şərq və əvvəllər müəyyən edilməmiş Cənub-Şərq Cento növləri müəyyənləşdirilib.

Yeni növ “Pygoscelis kerguelensis” adlandırılıb və yalnız Hind okeanının cənubundakı Kerguelen adalarında yaşayır. Bu pinqvinlər digər Cento pinqvinlərinə çox bənzədiyi üçün uzun müddət ayrıca növ kimi tanınmayıb.

Tədqiqatçılar növlərin təxminən 500 min il ərzində bir-birindən təcrid olunaraq müstəqil təkamül keçirdiyini bildirirlər. Onların fikrincə, yeni təsnifat pinqvinlərin qorunması baxımından da əhəmiyyətlidir. Dörd növdən üçünün iqlim dəyişikliyindən ciddi təsirlənəcəyi gözlənilir.