22 milyonluq təklifi rədd etdi, “Real”la bağlı hər şeyi sildi

22-milyonluq-teklifi-redd-etdi-realla-bagli-her-seyi-sildi
Oxunma sayı: 559

“Real Madrid”in braziliyalı hücumçusu Vinisius Junior sosial şəbəkələrdə gözlənilməz addım atıb.

“Qafqazinfo” xəbər verir ki, ulduz futbolçu sosial şəbəkə hesabındakı bütün paylaşımları, o cümlədən “Kral klubu”nun forması ilə olan fotolarını silib və profilinin bioqrafiya bölməsindən komandanın adını çıxarıb.

Futbolçunun bu “rəqəmsal təmizliyi” klubla yeni müqavilə ətrafında danışıqların davam etdiyi bir vaxta təsadüf edir.

Mətbuatda yayılan xəbərlərə görə, bir neçə gün əvvəl braziliyalı hücumçu ilə “blankos” rəhbərliyi arasında konstruktiv görüş baş tutub.

Məşhur “The Athletic” nəşrinin insayderi Devid Ornşteynin bildirdiyinə görə, Vinisius daha əvvəl Madrid təmsilçisinin illik 22 milyon avro məvaciblə 2031-ci ilə qədər nəzərdə tutulan müqavilə təklifini rədd edib. Bundan sonra “Real” şərtləri yaxşılaşdırıb və hazırda tərəflər arasında danışıqlar müsbət məcrada davam edir. Paralel olaraq, mətbuatda Londonun “Arsenal” klubunun da futbolçunun xidmətində yaxından maraqlı olduğu barədə məlumatlar yayılıb.

Xatırladaq ki, bu, braziliyalının ilk belə reaksiyası deyil. Ötən yay Klublararası Dünya Çempionatının növbəti matçından sonra azarkeşlərin tənqid hədəfinə çevrilən Vinisius yenə hesabından klub atributları əks olunan fotoları silmişdi.

Hələlik nə futbolçu, nə onun nümayəndələri, nə də Madrid klubu məsələ ilə bağlı rəsmi açıqlama verib.

Məlumat üçün bildirək ki, Vinisius Junior 2018-ci ilin yayından “Real”ın şərəfini qoruyur. Bu müddət ərzində o, keçirdiyi 375 oyunda 128 qol vurub və 100 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsinin müddəti 2027-ci ilin yayında başa çatır.