350 minə “GTA 6” aldığı iddia olundu - Oyun dünyasında böyük qalmaqal

350-mine-gta-6-aldigi-iddia-olundu
Oxunma sayı: 639

Sosial şəbəkələrdə məşhur strimer Adin Rossun “CyberLeek” haker qrupundan 350 min dollara “GTA 6” oyununun tezliklə buraxılacaq ilkin versiyasını satın alması ilə bağlı xəbərlər yayılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Shazoo” portalı məlumat yayıb.

İddialara görə, Ross artıq oyunun nüsxəsini əldə edib və tezliklə “Kick” platformasındakı canlı yayımında onu nümayiş etdirə bilər. Lakin hələlik bu sövdələşmənin rəsmi təsdiqi yoxdur. Açıq mənbələrdə yayımın yazısı, klip və ya strimerin özünün satın alma ilə bağlı hər hansı rəsmi bəyanatı yer almayıb. Şayiənin mənbəyi “X” sosial şəbəkəsindəki “@Kick_Champ” hesabı olub.

Məlumata görə, auditoriyanın bu xəbərə kütləvi marağı Rossun daha əvvəlki bəyanatları ilə bağlıdır. O, “GTA 6”ya erkən çıxış əldə etmək üçün böyük məbləğdə pul ödəməyə hazır olduğunu, hətta oyun əsasında irimiqyaslı “RP” (Role Play) serveri yaratmaq planlarını açıqlamışdı.

Bununla yanaşı, “Dark2web” “Telegram” kanalı iddia edir ki, oyunun həmin versiyası artıq torrentlərdə yayılmağa başlayıb. Lakin ekspertlər şəbəkəyə yüklənən və “GTA 6” kimi qələmə verilən bu faylları yükləməyi məsləhət görmürlər, çünki onların tərkibində müxtəlif zərərli proqramlar (viruslar) var.