Bakıda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ağacəkmə aksiyası keçirilib.
“Qafqazinfo” xəbər verir ki, aksiya soyqırımının 31-ci ildönümü ilə əlaqədar Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) və Bakı Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutub.
Nərimanov rayonunda təşkil edilən aksiyada Xocalı qətliamında həlak olmuş 613 insanın xatirəsini əbədiləşdirmək məqsədilə 613 ağac əkilib.
Soyqırım qurbanlarının xatirəsinin yad edilməsi, bu hadisələrin yaddaşlarda yaşadılması, xüsusən də gənc nəsil tərəfindən unudulmamasına yönəlmiş aksiyada könüllülər fəal iştirak ediblər.
RİİB könüllüsü Əli Həsənəliyev bildirib ki, bu cür aksiyalar həm də beynəlxalq ictimaiyyətin məsələyə hüquqi qiymət verməsi baxımından önəmlidir:
“Ümid edirik ki, biz şəhid və qazilərimizin canı bahasına işğaldan azad etdiyi torpaqlarda da bu cür abadlaşdırma işlərini böyük həvəslə görəcəyik.
Aksiya iştirakçılarından Abbas İsgəndərov isə “Qafqazinfo”ya deyib ki, bu həm Xocalı faciəsi qurbanlarını heç vaxt unutmamaq, həm də təbiəti canlandırmaq adına verilmiş mesajdır.
Xatırladaq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının iştirakı ilə həyata keçirilən Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i ahıl olmaqla, 613 Xocalı sakini qətlə yetirilib.
Heydər Əliyev Fondu Xocalı həqiqətlərinin dünyaya çatdırılması istiqamətində silsilə tədbirlər reallaşdırır. 2008-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyası həyata keçirilir.
Amin Nəzərli
Foto-Video: Pərvin Zeynal







Son xəbərlər
Son Xəbərlər