ABŞ “Veronica” tankerini belə saxladı - Anbaan görüntülər+Yenilənib

abs-veronica-tankerini-bele-saxladi
Oxunma sayı: 625

ABŞ Karib dənizində Venesuelaya məxsus neft daşıyan növbəti tankeri nəzarətə götürərək saxlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Reuters” agentliyi ABŞ administrasiyasındakı yüksəkrütbəli mənbələrə istinadən məlumat yayıb.

Mənbələrin verdiyi məlumata görə, əməliyyat Karib dənizi sularında həyata keçirilib. Təhlükəsizlik mülahizələrinə görə gəminin adı hələlik açıqlanmasa da, bu, son həftələr ərzində ABŞ tərəfindən saxlanılan sayca altıncı tankerdir. Vaşinqtonun bu addımı Karakas administrasiyasının neft ixracına qarşı tətbiq edilən sanksiyaların icrasını daha da sərtləşdirdiyini göstərir.

Xatırladaq ki, yanvarın əvvəlindən etibarən ABŞ Venesueladan neft daşıyan gəmilərə qarşı genişmiqyaslı dəniz blokadası həyata keçirir. Bundan əvvəl Rusiya və digər ölkələrin bayraqları altında üzən bir neçə irihəcmli tanker də eyni qaydada saxlanılmışdı.

***

ABŞ ordusu Venesuelaya qarşı tətbiq edilən dəniz blokadası çərçivəsində Karib dənizində “Veronica” adlı növbəti neft tankerini ələ keçirib.

Bu barədə ABŞ Cənub Komandanlığı (SOUTHCOM) əməliyyatın görüntülərini sosial media hesablarında paylaşıb.

Videoda ABŞ hərbçilərinin yüksək sürətli qayıqlar və helikopterlərlə gəmiyə yaxınlaşaraq göyərtəyə eniş etməsi əks olunub. Komandanlığın bəyanatında bildirilir ki, gəminin saxlanılması zamanı heç bir insident baş verməyib və əməliyyat digər dövlət qurumları ilə koordinasiyalı şəkildə, Qərb yarımkürəsində qanunsuz fəaliyyətlərin qarşısını almaq məqsədilə icra edilib.