Açılış günü kartel qurbanlarına görə küçələrə çıxdılar - Video

acilis-gunu-kartel-qurbanlarina-gore-kucelere-cixdilar
Oxunma sayı: 577

Meksikanın paytaxtı Mexikoda yerləşən “Azteka” stadionunun qarşısında Dünya Çempionatının açılış günü etiraz aksiyası zamanı gərginlik yaşanıb.

“Qafqazinfo” xəbər verir ki, narkotik kartellərinin zorakılığı nəticəsində yaxınlarını itirən ailələrin iştirakı ilə keçirilən aksiya təhlükəsizlik qüvvələri ilə qarşıdurmaya çevrilib.

Etirazçılar təhlükəsizlik baryerlərini aşmağa cəhd göstərib, polisə daş və “Molotov kokteyli” atıblar. Etirazlar zamanı təhlükəsizlik qüvvələri izdihamı dağıtmaq üçün müdaxilə edib, bir qadın polis əməkdaşının ağır yaralandığı bildirilir.

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi turnirin açılış matçı zamanı stadion ətrafında toplaşan minlərlə insan səbəbindən vəziyyət nəzarətdən çıxıb. Təhlükəsizlik tədbirlərinə baxmayaraq, etirazçı qruplar stadionun yaxınlığında yürüşlərini davam etdirib.

Hadisələrin kulminasiya nöqtəsi dövlət himninin səsləndirildiyi anlarda yaşanıb. Etirazçılar təhlükəsizlik xəttini yararaq, polis qüvvələri ilə üz-üzə gəlib, qarşıdurma daha da şiddətlənib.

Etirazların mərkəzində illərdir itkin düşmüş yaxınlarını axtaran ailələr dayanıb. Onlar, əsasən, narkotik kartelləri ilə əlaqəli zorakılıqlarda yoxa çıxan şəxslərin taleyinin araşdırılmasını tələb ediblər.

Aksiya iştirakçıları stadion önündə “Top evə gəlir, bəs siz nə vaxt gələcəksiniz?” yazılı plakatlar qaldırıblar.

Məlumatlara görə, Meksikada narkotik kartelləri ilə bağlı zorakılıqlar nəticəsində 130 mindən çox insanın itkin düşdüyü bildirilir.