Acunla Adnan Oktarı nə bağlayır?

acunla-adnan-oktari-ne-baglayir
Oxunma sayı: 6473

Türkiyənin “TV8” kanalının rəhbəri Acun Ilıcalı bir sıra cinayətlərdə ittiham edilərək həbs edilən təriqət lideri Adnan Oktarla əlaqəsinin olması barədə iddialara aydınlıq gətirib.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, A.Ilıcalı bu barədə jurnalist Enver Ayseverin verilişində danışıb. 

Məlumata görə, Adnan Oktar Acun Ilıcalının onun tələbəsi olduğunu iddia edib: “O, da, qardaşı da mənim tələbələrim idi. Qardaşı həkimdir və uzun müddət mənim yanımda qalıb. Acun da 10-15 illik tələbəmdir. O, kiçik yaşda olanda valideynləri avtomobil qəzasında həlak olmuşdu”. 

Verilişə qatılan türkiyəli iş adamı Acun Ilıcalı isə barəsində yayılan bu məlumatlar və mediada paylaşılan görüntüləri şərh edib: “Həmin vaxt 19 yaşım vardı. Valideynlərimin dünyasını dəyişdiyi dövr idi. Mənəvi baxımdan özümə yaxın hiss etdiyim dostlarımla birlikdə müəyyən müddət onunla ünsiyyətimiz olub. Daha sonra olduğum mühiti sevmədiyimdən onları tərk etdim. 35 il əvvəl idi. Adnan Oktarı 1-2 il görmüşəm. 35 ildir onu görmürəm, əlaqəm də olmayıb. Axmaqlıqları gördükdə onları tərk etdim. Din və mənəviyyatın gözəl bir şey olduğu, yaxşı insan olmağın gözəl olduğu barədə danışılırdı. Buna görə diqqətimi çəkmişdi. Orada yaxşılıq, gözəllik və dostluqdan bəhs edilirdi”.

Ilıcalı sözügedən fotonun isə Anıtqəbirdə çəkildiyini qeyd edib. 

Xatırladaq ki, 2018-ci ildə əməliyyat zamanı saxlanılan və həbs edilən Adnan Oktar təşkilata rəhbərlik, cinsi istismar, təhsil hüququna əngəl olmaq, işgəncə və digər cinayətlərə görə 8658 il müddətə azadlıqdan məhrum edilib.