“Avqustun 7-si və ya 8-də razılıq ola bilər”

avqustun-7-si-ve-ya-8-de-raziliq-ola-biler
Oxunma sayı: 400

ABŞ-nin maliyyə naziri Skott Bessent yaxın vaxtlarda ABŞ və İran arasında yeni atəşkəs sazişinin bağlanmasının mümkünlüyünü bəyan edib.

“Qafqazinfo” “12News” telekanalına istinadən xəbər verir ki, qurum rəhbəri bu barədə müsahibəsində bildirib.

O qeyd edib ki, razılaşma artıq avqustun 7-si və ya 8-də əldə oluna bilər. Saziş 30 gündən 60 günədək müddətə atəşkəsin elan edilməsini və Hörmüz boğazının açılmasını nəzərdə tutur.

Nazir əlavə edib ki, Vaşinqton həm hərbi, həm də iqtisadi sahədə Tehrana təzyiqləri davam etdirir. O, ABŞ tərəfindən həyata keçirilən “Epik qəzəb” əməliyyatını, eləcə də Maliyyə Nazirliyinin “İqtisadi qəzəb” adlı öz təşəbbüsünü xüsusi vurğulayıb.

Hörmüz boğazının fəaliyyətindəki mümkün dəyişikliklərə toxunan Bessent bildirib ki, İran tərəfi boğazdan təzyiq vasitəsi kimi istifadə etdiyi üçün o, artıq əvvəlki kimi fəaliyyət göstərə bilməyəcək. Gələcəkdə enerji axınının bir hissəsi alternativ marşrutlara yönəldilə bilər.

Məlumat üçün bildirək ki, bundan əvvəl vasitəçilər vasitəsilə həyata keçirilən ABŞ-İran məsləhətləşmələrinin yekun mərhələyə qədəm qoyduğu bildirilmişdi.

Xatırladaq ki, bir qədər əvvəl ABŞ Prezidenti İrana qarşı hərbi əməliyyatın nə vaxt başa çata biləcəyini açıqlamışdı.