“Azərbaycan etibarlı enerji tərəfdaşıdır”

azerbaycan-etibarli-enerji-terefdasidir
Oxunma sayı: 324

Lüksemburqda keçirilən Avropa İittifaqı (Aİ) xarici işlər nazirlərinin görüşündən sonra Avropa diplomatiyasının rəhbəri Kaya Kallas rəsmi Bakı ilə əməkdaşlığın genişləndirilməsi perspektivlərini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, mətbuat konfransında çıxış edən Kallas Azərbaycanın Avropa üçün strateji əhəmiyyətini xüsusi vurğulayıb.

O bildirib ki, tərəflər arasında energetika və ticarət sahəsində əlaqələrin gücləndirilməsi prioritet məsələdir:

“Azərbaycan Avropa İttifaqı ölkələri üçün çox etibarlı enerji tərəfdaşı olub və belə də qalır”.

Bakının Qarabağda minatəmizləmə prosesinə beynəlxalq dəstəyin artırılması çağırışına toxunan Kallas Aİ-nin bu istiqamətdə əlavə səylər göstərə biləcəyini istisna etməyib:

“Təşkilat artıq bu missiyalarda iştirak edir və daxil olan müraciət əsasında daha hansı addımların atıla biləcəyi araşdırılacaq”.

Kaya Kallas həmçinin Aİ-nin Cənubi Qafqaza strateji baxışını şərh edərək, regionun təhlükəsizliyində maraqlı olduqlarını qeyd edib. O, yaxın vaxtlarda Azərbaycanla yeni ikitərəfli saziş üzrə danışıqların bərpa olunacağını bildirib.

Eyni zamanda, diplomat Aİ-nin sülh prosesinə dəstəyini davam etdirdiyini və Ermənistanda kiberhücumlar və dezinformasiya ilə mübarizəyə yönəlmiş yeni mülki missiyanın yaradılmasının razılaşdırıldığını diqqətə çatdırıb. Kallas vurğulayıb ki, Ermənistan-Azərbaycan sülh prosesindəki irəliləyiş bütün region üçün yeni imkanlar açacaq.