Bakıda kişi arvadını tava ilə döyüb - 20 aylıq həbs edildi

bakida-kisi-arvadini-tava-ile-doyub
Oxunma sayı: 1023

Bakıda həyat yoldaşını döyərək xəsarətlər yetirən kişi cinayət məsuliyyətinə cəlb edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 1989-cu il təvəllüdlü İsa Sərdarov (adlar və soyad şərtidir) Cinayət Məcəlləsinin 127 və 133-cü (qəsdən sağlamlığa az ağır zərər vurma və əzab vermə) maddələri ilə təqsirli bilinib.

Müəyyən edilib ki, İsa əvvəllər ailəli olub və boşanıb. O, bir müddət əvvəl Nəzrin adlı xanımla tanış olub və 2 ildir birgə ailə kimi yaşamağa başlayıb. Lakin sonradan onların münasibətləri pozulub.

Nəzrinin ona pul verməməsi, həmçinin icazəsiz iş yoldaşının ad gününə getməsi, həmçinin digər səbəblərdən İsa onu döyərək və dişləyərək xəsarətlər yetirib. Sonuncu dava zamanı İsa Nəzrini tava ilə döyərək ardıcıl zərbələr endirib.

Nəticədə, gənc bədəninin müxtəlif nahiyələrinin qançırları, qansızmaları, sınıqları, sıyrıqları kimi çoxsaylı xəsarətlər alıb.

Səbail Rayon Məhkəməsinin hökmü ilə İsa Sərdarov 1 il 8 ay müddətinə həbs cəzasına məhkum edilib.

Aslan Vəliyev