Bakıda Rusiya-Azərbaycan Ekspert Şurasının iclası keçirildi - Fotolar - Yenilənib

bakida-rusiya-azerbaycan-ekspert-surasinin-iclasi-kecirildi
Oxunma sayı: 2665

Bakıda Rusiya-Azərbaycan Ekspert Şurasının “XXI əsrdə Rusiya-Azərbaycan münasibətləri: regional təhlükəsizlik kontekstində strateji tərəfdaşlıq” mövzusunda üçüncü iclası keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbir azərbaycan və Rusiya arasında imzalanmış müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamınin birinci ildönümünə həsr olunub.

Azərbaycan və Rusiyanın XİN rəhbərləri Ceyhun Bayramov və Sergey Lavrov iclasda iştirak edib.

***

Ceyhun Bayramov çıxışı zamanı Sergey Lavrovla çox geniş müzakirələr apardıqlarını, bir sıra məsələlər ətrafında hərtərəfli danışıqlar keçirdiklərini bildirib.

“Rusiya ilə münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib”, - deyə nazir əlavə edib.

C. Bayramov bu xüsusda iki ölkə liderinin rolunu xüsusi vurğulayıb: “Bakı hər zaman özünü öz partnyorlarının maraqlarının yaxınlaşdırılmasında platforma olaraq təqdim edib. Ötən il iki ölkə arasında müttəfiqlik qarşılıqlı əlaqələr barədə bəyannamənin imzalanması bizim ortaq səylərimizə yeni impuls verib”.

***

Sergey Lavrovun sözlərinə görə, Rusiya dinc, firavan Cənubi Qafqaz məsələsində maraqlıdır.

O bu xüsusda Rusiyanın vasitəçiliyi ilə imzalanan üçtərəfli razılaşmaları xatırladıb.

Rusiya XİN rəhbəri qeyd edib ki, Rusiya sülhməramlı kontingenti öz məsuliyyət zonasında fəaliyyətini davam etdirir: “Eyni zamanda kommunikasiyaların açılması istiqamətində işlər davam etdirilir. Digər tərəflərin də Bakı və İrəvan arasında sülh sazişi ilə bağlı razılığa nail olmaq kimi məsələlərin həll edilməsinə yardım etmələrinə etiraz etmirik. Lakin bu, səmimi əsaslara söykənməlidir”.

***

Sergey Lavrov Prezident İlham Əliyevlə görüşündən də bəhs edib: “Dünən İlham Əliyevlə ətraflı danışıqlar keçirildi. Həmçinin bu gün də azərbaycanlı həmkarım ilə geniş danışıqlar apardım”.

Onun sözlərinə görə, ümumilli lider və müdrik siyasi xadim Heydər Əliyev iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlığın əsaslarının formalaşmasına mühüm töhfə verib. O bildirib ki, bu gün Rusiya və Azərbaycan prezidentləri arasında yüksək etibar səviyyəsi mövcuddur.

Lavrov Azərbaycan və Rusiyada təşkil olunan ortaq tədbirləri qeyd edib və bu cür tədbirlərin, layihələrin davam etdiriləcəyini vurğulayıb.

***

S. Lavrov 3+3 platformasının hələ ki bir iclasının keçirildiyini bildirib: “İkinci görüşlə bağlı hazırlıqlar gedir. Görüşdən imtina edən Gürcüstan üçün qapı açıq olaraq qalır”.

***

Lavrov, həmçinin Tehrandakı səfirliyimizə qarşı edilən hücuma da toxunub:

“Biz Azərbaycanla digər regional formatlarda da birgə işləyirik. Burada əsas olaraq Rusiya-Azərbaycan-İran yüksəksəviyyəli üçtərəfli formatını qeyd etmək istəyirəm. Düşünürük ki, bu formatın da yaxşı gələcəyi var. İndi biz iranlı həmkarlarımız tərəfindən Azərbaycanın Tehrandakı diplomatik nümayəndəliyinə qarşı edilən qanlı hücumun nəticələrinin aradan qaldırılması məqsədilə lazımi tədbirlər görməsində maraqlıyıq. Bu məsələnin həll edilməsinə töhfə verməyə çalışacayıq”.

Günel İbrahimova

Fotolar: Pərvin Zeynal