“UNITED24Media”nın Azərbaycanla bağlı təxribatı ifşa edildi

united24medianin-azerbaycanla-bagli-texribati-ifsa-edildi
Oxunma sayı: 475

Ukraynanın “UNITED24 Media” platformasında dərc edilmiş araşdırma məqaləsində Azərbaycana qarşı ciddi ittihamlar irəli sürülüb. İddiaya görə, Rusiyanın Ukrayna müharibəsində istifadə etdiyi “X-29TE” (Kh-29TE) idarəolunan hava-yer tipli raketlərinin istehsal zəncirində “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” QSC-nin strukturuna daxil olan “İqlim Elmi-İstehsalat Müəssisəsi” MMC-nin fəaliyyətindən istifadə olunub.

Məqalədə qeyd olunur ki, bu hərbi əməkdaşlıq Rusiya-Ukrayna müharibəsindən əvvəl başlasa da, 2022-ci ildən sonra da davam edib və 2023-cü ildə istehsal həcmi daha da artıb.

“UNITED24” iddiasını sübut etmək üçün bir sıra rəsmi sənədlər də təqdim edib.

İlk növbədə qeyd olunmalıdır ki, sözügedən materialın dərcindən dərhal sonra Soros Fondu ilə əlaqəli olan və Azərbaycana qarşı daim qərəzli, eləcə də təxribatçı fəaliyyətləri ilə seçilən “OC Media”, “Jam-news”, “Qəzetçi”, “Abzas Media” və “Meydan TV” kimi platformalar kampaniya şəklində bu məlumatları tirajlayıblar.

“Qafqazinfo” xəbər verir ki, Fakyoxla “UNITED24” platformasının fakt kimi təqdim etdiyi iddiaları dərindən analiz edərək bir sıra uyğunsuzluqlar müəyyən edib.  

I Sənədlərin linqvistik və üslub ekspertizası zamanı aşkar edilən uyğunsuzluqlar

Təqdim olunan sənədlər arasında həm vizual tərtibat, həm də struktur uyğunsuzluğu baxımından ciddi şübhələr doğuran və ziddiyyət təşkil edən ilk nümunə məhz budur.

Dövlət Dilinin tətbiqi müddəalarının pozulması:

Azərbaycan Respublikasının Dövlət Gerbinin əks olunduğu bütün rəsmi blanklar və xidməti yazışmalar latın qrafikalı əlifba ilə dövlət (Azərbaycan) dilində hazırlanır. “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun tələblərinə əsasən, ölkə daxilində fəaliyyət göstərən bütün dövlət qurumları, rəsmi müəssisələr və dövlət tabeliyindəki zavodlar öz rəsmi blanklarında mətni mütləq şəkildə, birinci növbədə dövlət dilində tərtib etməlidirlər. İkitərəfli beynəlxalq müqavilələr və rəsmi yazışmalar da ilkin olaraq dövlət dilində hazırlanmalı, xarici dillərdəki nüsxələr isə sənədə yalnız tərcümə və ya rəsmi qoşma (bəyannamə) kimi əlavə edilməlidir.

Təqdim edilən sənədin yuxarı hissəsində yer alan müəssisə adı və ünvanı, məktubun əsas mətni, cədvəllər və imza bloku tamamilə rus dilində tərtib olunmuşdur ki, bu da qanunvericiliyin müddəalarına uyğun gəlmədiyi üçün real sənəd hesab edilə bilməz.

Digər tərəfdən isə, Nazirlər Kabinetinin 2024-cü il 20 fevral tarixli 94 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinə əsasən, qurumun rəsmi adı yalnız iki dildə müəyyən edilib:

Azərbaycan dilində tam adı: “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyəti

İngilis dilində tam adı: “Azersilah” Defense Industry Holding” Closed Joint Stock Company

Sözügedən normativ-hüquqi aktın tələblərinə görə, qurumun rəsmi adının rus dilində hər hansı alternativ variantı və ya yazılış forması nəzərdə tutulmayıb. Bu baxımdan, Holdinqin rəsmi sənədləşmələrində və xidməti blanklarında adının rus dilində qeyd olunması mümkün görünmür. Bu element iddia olunan sənədin dövlət qeydiyyatı prinsiplərindən tamamilə uzaq şəxslər tərəfindən rəqəmsal mühitdə hazırlanmış saxta bir material olduğunu açıq şəkildə nümayiş etdirir.

Standartların pozulması:

Azərbaycan Respublikasında dövlət qurumlarının və rəsmi dövlət müəssisələrinin blankları xüsusi dizayn və korporativ üslub standartlarına (brend-buk) tabedir. Sənədin vizual təhlili onun fərqli materiallardan kəsilərək rəqəmsal mühitdə montaj edildiyini birmənalı şəkildə sübut edir.

Misal üçün, blankın başlığında zavodun internet resursu kimi [http://mdi.gov.az] ünvanı qeyd olunmuşdur. Amma məlumdur ki, bu domen, “İqlim” zavoduna deyil, birbaşa Müdafiə Sənayesi Nazirliyinə məxsus rəsmi dövlət domenidir.

Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təlimatın və sənədləşmə standartlarının tələbləri”nə əsasən, heç bir asılı dövlət müəssisəsi öz rəsmi blankında mərkəzi icra hakimiyyəti orqanının (nazirliyin) ana domenini şəxsi veb-saytı kimi təqdim edə bilməz. Məlumdur ki, Azərbaycan Respublikası Prezidentinin 23 sentyabr 2023-cü il tarixli Fərmanı ilə “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” QSC yaradılmışdır. Bu səbəbdən sənəddə ən azı “Azərsilah” QSC-nin https://azersilah.com domeni göstərilə bilərdi.

Yeri gəlmişkən, blankda nazirliyin domen ünvanı təhlükəsizlik sertifikatı olmayan [http://] protokolu ilə göstərilib. Strateji əhəmiyyətli dövlət orqanlarının və hərbi sənaye müəssisələrinin rəsmi internet resursları dövlət standartlarına uyğun olaraq şifrələnmiş və yüksək mühafizəli [https://] protokolu ilə fəaliyyət göstərir. Digər tərəfdən isə blanklarda adətən heç vaxt [https://] yazılmır. Onun yerinə “Ümumdünya Hörümçək Toru” kimi tərcümə olunan [www] əks olunur. Rəsmi sənəddə təhlükəsizlik protokolu olmayan şəbəkə ünvanının göstərilməsi materialın dövlət kargüzarlıq sisteminə aid olmadığını və kənar şəxslər tərəfindən qeyri-peşəkar şəkildə tərtib edildiyini növbəti dəfə sübut edir.

Azərbaycan Respublikasının dövlət qurumlarında və tabeli müəssisələrində rəsmi kargüzarlıq və elektron sənəd dövriyyəsi dövlət standartlarına uyğun olaraq, bir qayda olaraq “Arial” şrift növü ilə aparılır. Tədqiq olunan materialda isə həm sənəd başlığının (rekvizitlərin), həm də əsas mətnin tamamilə fərqli şrift növü — “Times New Roman” ilə yığılması sənədin rəsmi dövlət sənədləşmə formatına tamamilə yad bir mühitdə hazırlandığının növbəti sübutudur.

Qrafoloji ekspertiza:

Sənədin yuxarı sol və sağ künclərində əllə daxil edilmiş xidməti qeydiyyat rekvizitlərinin (tarix və sənəd nömrəsi: “05.12.2024" və "№ 100/107-1874”) qrafoloji analizi zamanı eyni şəxsə aid olması qeyri-mümkün olan qrafik və xətt fərqlilikləri aşkar edilib:

Tarix hissəsində yazılmış “sıfır” rəqəmi daha sıx, şaquli oxa malik və qələmin kağıza rəvan təzyiqi ilə icra edildiyi halda, sənəd nömrəsindəki (“100/107”) “sıfır” rəqəmləri tamamilə fərqli dinamika ilə – daha geniş, sağa maili, başlanğıc və bitiş nöqtələri fərqli olan tam fərqli bir əl yazısı ilə yazıldığını təsdiqləyir.

Tarix rekvizitində yer alan “bir” rəqəmi şaquli xətt formasında yazıldığı halda, nömrə daxilindəki “1” rəqəmləri fərqli kallioqrafik vərdişlə – sol yuxarı maili elementlə (burunlu) icra olunmuşdur.

Vahid bir kargüzarlıq prosesində, eyni zaman kəsimində və eyni şəxs tərəfindən doldurulan sənədin rekvizitlərində bu dərəcədə kəskin fərqlərinin olması ekspertiza baxımdan yolverilməzdir. Bu vəziyyət, rəqəmlərin fərqli sənədlərdən rəqəmsal olaraq kəsilib götürüldüyünü (kopyalandığını) və ya sənədin müxtəlif şəxslər tərəfindən qondarma qaydada tamamlandığını (saxtalaşdırıldığını) qəti surətdə sübut edir.

Araşdırma zamanı tərəfimizdən saytda yayılan digər sənəddə də oxşar çatışmazlıqlar aşkarlanıb.

Sənədin məzmun analizi onun beynəlxalq hərbi-texniki əməkdaşlıq və xarici ticarət dövriyyəsi normaları ilə köklü şəkildə ziddiyyət təşkil etdiyini göstərir. Beynəlxalq kommersiya müqavilələrində tərəflərin hüquqi statusunu təsdiq edən vergi eyniləşdirmə nömrələri (VÖEN), bank rekvizitləri, məhsulun vahid qiyməti, valyuta növü, ödəniş qrafiki və Beynəlxalq Ticarət Şərtləri (“Incoterms” qaydaları) dəqiq və təfərrüatlı şəkildə əks olunmalıdır.

Təqdim edilən material isə tərəflər arasında hər hansı birbaşa hüquqi və ya maliyyə öhdəliyi yaratmayan, sadəcə birtərəfli məlumatlandırma xarakterli adi bir daxili arayış və ya bildiriş məktubundan (“Информирую Вас...” / “Sizi məlumatlandırıram...”) ibarətdir. Xüsusi nəzarət altında saxlanılan strateji hərbi sahədə və müdafiə sənayesi sektorunda dövlətlərarası tədarük və əməkdaşlıq proseslərinin bu cür hüquqi qüvvəsi və maliyyə-təsərrüfat əsası olmayan qeyri-rəsmi yazışmalarla həyata keçirilməsi beynəlxalq hüquq və kargüzarlıq praktikası baxımından tamamilə yanlışdır. Bu fakt sənədin sadəcə ictimai rəyi çaşdırmaq məqsədilə hazırlanmış qondarma bir manipulyasiya vasitəsi olduğunu bir daha nümayiş etdirir.

Ünvan səhvi. Müəssisənin rəsmi dövlət qeydiyyatı məlumatları ilə ittiham sənədindəki rekvizitlərin qarşılıqlı təhlili zamanı ciddi faktiki xəta aşkar edilmişdir. Belə ki, müəssisənin əvvəlki orijinal sənədləşmə blanklarında və Dövlət Vergi Xidmətinin rəsmi reyestr məlumatlarında “İqlim Elmi-İstehsalat Müəssisəsi” MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Məmməd Namazov küçəsi, ev 157 olaraq təsdiq edilib.

Ukrayna media platformasında yayımlanan blankda isə MMC-nin ünvanı tamamilə fərqli — “ул. Маммед Намазова 83” (Məmməd Namazov küçəsi, ev 83) olaraq qeyd olunub. 

Dövlət qeydiyyatında olan strateji sənaye müəssisəsinin öz rəsmi blankında qanuni hüquqi ünvanını (bina/ev nömrəsini) səhv və ya fərqli yazması hüquqi kargüzarlıq qaydalarına əsasən qeyri-mümkündür. Bu element, sənədin “İqlim” MMC-yə heç bir aidiyyəti olmadığını, kənar şəxslər tərəfindən uydurma rekvizitlərlə sıfırdan tərtib edildiyini birmənalı şəkildə sübut edir.

Təhlil edilən sənədin mərkəzi hissəsinə əlavə edilmiş “Срочно на стол!!” (“Təcili masaya!!”) qeydi rəsmi dövlət sənədləşməsi və kargüzarlıq arxitekturası baxımından tamamilə qeyri-qanuni və mümkünsüzdür.

Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə təsdiq edilmiş Təlimata əsasən, sənədlərin icra təcililiyi yalnız normativ sənədlərlə tənzimlənən xüsusi daxili dərkənarlar və ya rəsmi “Təcili”, “Çox təcili” ştampları ilə müəyyən edilir. Dövlət idarəçiliyində və hərbi-sənaye kompleksində “Срочно на стол” kimi məişət üslubunda olan və heç bir hüquqi-inzibati təsnifata uyğun gəlməyən möhür və ya qeyd forması mövcud deyil.

Sözügedən qeydin sonunda iki nida işarəsinin (“!!”) yanaşı qoyulması linqvistik və yazı qaydalarına kökündən ziddir. Rus dilinin qrammatika və durğu işarələri qaydalarına görə, emosionallığı və ya nidanı ifadə etmək üçün durğu işarəsi ya tək (“!”), ya da üç nida (“!!!”) şəklində tətbiq olunur. İki nida işarəsinin istifadəsi rəsmi sənəd tərtibatında yolverilməz yanaşmadır.

Saytın “Sifariş ərizəsi” (Заявка) kimi təqdim etdiyi digər sənəd həm vizual, həm xronoloji, həm də rəsmi dövlət reyestr məlumatları baxımından araşdırıldıqda, ortaya aşkar qüsurlar çıxartdı:

İlk növbədə, sənədlərin vizual təqdimatındakı fərqlilik diqqət çəkir: Azərbaycana aid olduğu iddia edilən sənədlər ağ-qara və keyfiyyətsiz nüsxədə təqdim edilir. Rusiya Federasiyasına aid hissələr rəngli və kəskin kontrastla nümayiş etdirilir.

Sənəddə icraçıların inisiallarının yazılışında rəsmi kargüzarlıq qaydalarına zidd olaraq struktur fərqlilikləri buraxılmışdır. Misal üçün, sənədin icraşısı Tsukanova iki bənzər sənəddə öz ad, ata adı və soyadını fərqli ardıcıllıqda yazır - “К.С. Цуканова”  və “Цуканова К.С.”.  Halbuki digər şəxslərin hər iki sənədlərdə adları eyni forma və ardıcıllıqla təqdim olunur.

Aşkar etdiyimiz digər uyğunsuzluqlar

Sənədin həm sol yuxarı küncündə baş direktor L.S. Kozlovun təsdiq imzasının, həm də sağ yuxarı küncündə Rusiya Müdafiə Nazirliyinin hərbi nümayəndəsi V.A. Eremçenkonun müştərək imzalarının yer aldığı tarixlərdə il hissəsi üzərində kobud şəkildə rəqəmsal və mexaniki manipulyasiya aparılmışdır.

Belə ki, sənədin orijinal kompüter yığımında (şrift çapında) il hissəsi (tam ayırd etmək çətindir) “2023” və ya “2025” olaraq tərtib edilib, sonradan isə sonuncu rəqəmə əl yazısı formatında müdaxilə edilərək 4 rəqəmi yazılmış və 202[4]-ə dəyişdirilmişdir. Bu əlyazma düzəlişinin xətt qalınlığı, rəng tonu və mürəkkəb strukturu sənədin daxili mətni ilə tamamilə ziddiyyət təşkil edir və sənədin hüquqi tarixini süni şəkildə dəyişdirmək cəhdini ortaya qoyur. Düşünürük ki, bu müdaxilənin, yəni “2024-cü il”in yazılmasının əsl səbəbi həmin sənədi “İqlim” MMC-nin direktoru Sənani Bağırovun “5 dekabr 2024-cü il tarixli məktubuna” cavab kimi təqdim etmək məqsədilə edilib.

Saxta “OKPO kodu”

Sənədin 1-ci sütununda, Bakıda yerləşən “İqlim” müəssisəsinin adının dərhal altında “ОКПО 07513917” kodu qeyd olunub. Bu detal sənədin tam bir uydurma olduğunu iki rəsmi faktla sübut edir:

Əvvəla, “ОКПО” (Общероссийский классификатор предприятий и организаций — Müəssisə və təşkilatların ümumrusiya təsnifatçısı) yalnız Rusiya Federasiyasının daxili statistika, iqtisadiyyat və vergi sisteminə məxsus olan milli qeydiyyat nömrəsidir. Azərbaycan Respublikasının suveren ərazisində fəaliyyət göstərən, yerli qanunvericiliklə tənzimlənən və VÖEN-ə malik olan heç bir müəssisənin Rusiya Federasiyasının daxili statistika kodu (OKPO) ola bilməz və rəsmi beynəlxalq sənədləşmədə bu qeyd yer ala bilməz. Bu isə yalnız “İqlim” MMC-nin Rusiya nümayəndəliyinin olduğu və eyni adla fəaliyyət göstərdiyi halda mümkün ola bilər. Araşdırmamız zamanı, həmin müəssisənin doğurdan da, Moskva şəhərində nümayəndəliyinin olduğunu lakin tamamilə fərqli “ОКПО” kodu ilə (52816892) fəaliyyət göstərdiyini müəyyən etdik.

Bu səbəbdən, əgər sənəd həqiqi olsaydı məntiqlə orada – “ООО «НПП ИГЛИМ» 07513917 г. Баку” deyil, “ПРЕД НПП «ИГЛИМ» 52816892 г. Москва” yazılmalı idi.

Sənəddə təqdim olunan 07513917 kodunun sahibi isə, nə Rusiyanın Federal Statistika Xidmətinin axtarış sistemində, nə də “Rusprofile”, “Checko”, “Focus.Kontur” kimi axtarış sistemlərində mövcud deyil.

Müqayisə üçün qeyd edilməlidir ki, eyni sənədin 2-ci sütununda yer alan satıcı — “Perm Barıt Zavodu”nun (ФКП «Пермский пороховой завод») rəsmi kodu olan OKPO 07507802 dövlət bazalarında tamamilə doğru əks olunur (rusprofile).

4-cü sənədin analizi: “Microsoft Word” ifşası və konstruksiya xətaları

“UNITED24” platformasının təqdim etdiyi növbəti sənədin rəqəmsal surəti tədqiq edilərkən, onun heç bir rəsmi dövlət arxivinə, məxfi dövriyyəyə və ya skan olunmuş kağız daşıyıcıya aid olmadığı birmənalı şəkildə sübuta yetirilir. Materialın ibtidai şəkildə mətn redaktəsi proqramlarında yığıldığı dəlillərlə tam ifşa olunur.

Sənədin təqdim olunan rəqəmsal ekran görüntüsünə vizual və texniki baxış keçirildikdə, mətndəki müxtəlif sözlərin və sətirlərin altında paralel göy xətlərin və qırmızı dalğavari cizgilərin olduğu açıq şəkildə görünür.

Dövlət idarəçiliyi və hərbi-sənaye sahəsində imzasız, möhürsüz və tam tarixsiz sənəd hüquqi baxımdan mövcud olmayan sənəd sayılır. Bu mənzərə sözügedən materialın heç bir dövlət instansiyasından keçmədiyini, hüquqi qüvvə daşımayan və manipulyasiya məqsədilə vizual olaraq doldurulmuş qeyri-rəsmi bir “mətn şablonu” olduğunu qəti şəkildə ortaya qoyur.

5-ci Sənədin analizi: Gömrük Bəyannamələrinin manipulyasiyası və “Xəyali zəncir” ssenarisinin ifşası

Təqdim edilən beşinci qrup sənədlər – rəsmi gömrük bəyannamələrinin reyestr siyahısı və beynəlxalq analitika resurslarından götürülmüş ekran görüntüləri məqalə müəlliflərinin iddialarını təsdiq etmir. Əksinə, real statistika ilə xəyali ittihamlar arasındakı ciddi məntiqi uyğunsuzluqları və verilənlərin vizual manipulyasiyasını tamamilə ifşa edir.

Əvvəla, məqalə müəllifləri gömrük məlumatlarına əsasən “İqlim” zavodunun da daxil olduğu tərəflərin iştirakı ilə gizli silah tədarükü zəncirinin mövcudluğunu iddia edərkən “can involve” (əhatə edə bilər / iştirak edə bilər) ifadəsini işlədərək yalnız subyektiv ehtimala söykənirlər.

Hüquqi və loqistik nöqteyi-nəzərdən, təqdim olunan verilənlər bazası spekulyativ ehtimallar siyahısı deyil. Bu, Rusiyanın idxal/ixrac əməliyyatlarının real gömrük bəyannamələrinin qeydiyyatını aparan beynəlxalq analitika arxivlərindən (ImportGenius, RuStat və s.) götürülmüş konkret qeydlərdir. Rəsmi gömrük bazasında “ola bilər” yox, “icra olunub” prinsipi ilə dərc edilir.

Siyahının rəsmi qeydləri tədqiq edildikdə aşağıdakı faktiki mənzərə ortaya çıxır. Belə ki, siyahıda iddia edilən və saxta sənədlərdə də adı keçən “PRODUCT 9P-1036” hərbi malının qarşısında ixracatçı/istehsalçı qismində yalnız “PERM POWDER PLANT” (Perm Barıt Zavodu) və zavodun real daxili kodu olan “OKPO 07507802” yazılmışdır. Rəsmi gömrük bazasında “9P-1036” məhsulunun keçdiyi sətirlərin heç birində “İqlim” zavodunun adı və ya rekviziti yoxdur! Bu strateji məhsul sırf Perm zavodunun daxili istehsalat dövriyyəsinə aiddir.

Məqalədə “İqlim”in mənuları alıb Permə, oradan isə “Vımpel” Konstruktor Bürosuna ötürdüyü “vahid zəncir” ssenarisi iddia edilsə də, skrinşot bunun tam əksini göstərir. Siyahıda bir-biri ilə birbaşa logistik, hüquqi və kommersiya əlaqəsi olmayan tamamilə fərqli müəssisələrin (JSC NPP IZMERITEL, PJSC SALYUT və NPP IGLIM) fərqli tarixlərdəki müstəqil bəyannamələri mexaniki olaraq alt-alta yığılıb.

“İqlim” zavodunun adının keçdiyi sətirlərdə (məsələn, 3, 4 və 8-ci sətirlər) ötürülən qanuni hərbi/aviasiya malları tam fərqlidir: “SAT. UNIT X1001-0-03” (peyk/tıxac bloku), “CORPUS ED. 9B-63M” (korpus hissəsi) və “PRODUCT BODY 9B-63M” (məhsul gövdəsi). “İqlim”ə aid sətirlərin heç birində iddia olunan “9P-1036” komponenti mövcud deyil. Müəlliflər yalnız eyni gömrük koduna sahib olan fərqli şirkətlərin məlumatlarını eyni siyahıda qruplaşdıraraq, onları süni şəkildə bir-birinə bağlamağa çalışmışlar.

Sənəddə əsas götürülən “9306901009” gömrük kodu (TN VƏD kodu) beynəlxalq təsnifata görə “Прочие боеприпасы, снаряды и их части для военных целей” (Hərbi məqsədlər üçün digər döyüş sursatları, mərmilər və onların hissələri) geniş qrupuna aiddir.

Bu beynəlxalq kod hədsiz dərəcədə geniş bir nomenklaturanı əhatə edir. Eyni qlobal gömrük kodunun altına raketin gövdəsi də, tank mərmisinin detalı da, hərbi aviasiya üçün nəzərdə tutulmuş hər hansı bir mexaniki klapan və ya korpus da daxil ola bilər. Məqalə müəllifləri bu ümumi kodun rəsmi geniş tərifindən sui-istifadə edərək oxucuda qərəzli rəy yaradırlar ki, sanki adı bu siyahıda keçən hər bir müəssisə mütləq şəkildə eyni raketi (“X-29TE”) yığmaqla məşğuldur. Bu, beynəlxalq gömrük statistikasının işləmə prinsiplərindən xəbərsiz olan kütlə üçün hesablanmış klassik vizual manipulyasiyadır.

Təqdim olunan bu son ekran görüntüləri məqalə müəlliflərinin öz iddialarını birmənalı şəkildə təkzib edir. Gömrük bəyannamələri sübut edir ki, “İqlim” zavodu Rusiya ilə müəyyən aviasiya komponentləri (korpuslar, bloklar) üzrə vaxtilə şəffaf və qanuni müqavilələr çərçivəsində ticarət aparıb və bu məlumatlar beynəlxalq hesabatlarda gizli deyil. Lakin məqalədə bəhs edilən xüsusi “9P-1036” məhsulunun tədarük zəncirində Azərbaycanın iştirakı tamamilə uydurmadır. Müəlliflər tamamilə fərqli bəyannamə sətirlərini kontekstdən qopararaq əvvəlki bəndlərdə ifşa olunan saxta “Word” şablonlarını yaratmış və bunu uğursuz şəkildə “eksklyuziv ifşa” kimi təqdim etməyə çalışmışlar.

Əməliyyatlar nə vaxt keçirilib: Arxiv statistikası və müharibə dövrü yalanı

Sənədin başlıq hissəsində yer alan “Код ТН ВЭД 2022” qeydi, bu məlumatların Ümumdünya Gömrük Təşkilatının 2022-ci ildə qüvvəyə minmiş ən son “Xarici İqtisadi Fəaliyyətin Mal Nomenklaturası” qaydaları əsasında sistemləşdirildiyini göstərir. Bu, məlumatların cari hesabat dövrünə deyil, keçmiş retrospektiv məlumatların yeni beynəlxalq kodlaşdırma sisteminə uyğunlaşdırılmış rəqəmsal arxivi olduğunu təsdiqləyir.

Siyahının 7-ci sətrində açıq şəkildə “Factory number issue date 2018” (Zavod buraxılış tarixi: 2018) ifadəsi, spesifik seriya nömrələri və tamamlanmış partiya rekvizitləri əks olunmuşdur.

Beynəlxalq gömrük və analitika sistemləri (məsələn, RuStat, Logistics IS, ImportGenius) bu tip tam tamamlanmış zavod istehsalat verilənlərini və məhsul seriya nömrələrini yalnız mal qanuni şəkildə sərhəddən fiziki olaraq keçib rəsmiləşdikdən və arxivləşdikdən sonra bazalarda bu ardıcıllıqla sıralaya bilir. Təqdim olunan siyahı əslində müharibədən xeyli əvvəlki dövrü, əsasən 2019–2021-ci illəri və qismən 2023-cü ilə qədər olan qanuni, şəffaf gömrük daşımalarının tarixi statistik bazasını təşkil edir. İttiham müəlliflərinin Perm zavodu ilə “İqlim” arasındakı komponent həcminin məhz müharibənin aktiv fazasında pik həddə çatması barədə iddiaları tamamilə uydurmadır.

“İqlim” Elmi-İstehsalat Müəssisəsi hələ 1961-ci ildə (SSRİ dövründə) qurulmuş və onilliklər boyu hərbi aviasiya sənayesi üçün “X-29” tipli raketlərin korpus hissələrini (AMg6 alüminium xəlitəli xüsusi qaynaq texnologiyası ilə) və aviasiya kondisionerlərini hazırlamaq üzrə ixtisaslaşmış dövlət müəssisəsidir. Müəssisənin bu sahədəki keçmiş fəaliyyəti və Rusiya zavodları ilə vaxtilə mövcud olmuş qanuni, beynəlxalq nəzarət altında icra edilən köhnə tədarük arxivi gizli deyil.

Iddianı irəli sürən müəlliflər şəffaf rəsmi arxivlərdən götürülmüş real gömrük data-larının üzərinə əvvəlki bəndlərdə ifşa etdiyimiz imzasız, möhürsüz və “Microsoft Word” qrammatika xətaları ilə dolu olan 2025-ci ilə aid tamamilə saxta “müqavilə şablonlarını” virtual olaraq montaj etmişlər. Bəlkə də üçüncü tərəflər bu saxta sənədləri onlara ötürməklə onları tələyə salmış və Azərbaycana qarşı dezinformasiya kampaniyasının iştirakçısına çevrilmişlər. Məqsəd, oxucularda “hazırda da qanunsuz hərbi cinayət zənciri davam edir” təəssüratını süni şəkildə formalaşdırmaq və adi gömrük hesabatlarından siyasi-hərbi manipulyasiya aləti kimi istifadə etməkdir.

6-cı Sənədin analizi: Bunların iddia etdiyi proses Azərbaycanda yox, Rusiyada həyata keçirilir

“UNITED24 Media” platformasının araşdırmanın son hissəsində “böyük və gizli tapıntı” kimi təqdim etdiyi sənədlər toplusu – rəsmi texniki təlimatlar, zavodların daxili qərarları və raket pasportları, əslində, iddia olunan manipulyasiya ssenarisini kökündən darmadağın edir. Bu materialların mühəndislik və hərbi-istehsalat analizi göstərir ki, müəlliflər vizual inandırıcılıq yaratmaq naminə sənəd bazasına elə rəsmi Rusiya dövlət materiallarını daxil ediblər ki, həmin materiallar Azərbaycanın bu proseslərdə iştirak etmədiyini tam sübuta yetirir.

Təqdim olunan sənədlər qrupunda Kurqan şəhərində yerləşən və hərbi təyinatlı cihazlar istehsal edən “AO SKTB KURGANPRIBOR” zavodunun 2022-ci ilə aid rəsmi “Birgə Qərar”ı əks olunub. Sənədin mətnindən aydın olur ki, Rusiya Müdafiə Nazirliyinin “Dövlət Müdafiə Sifarişi”ni kəsintisiz yerinə yetirmək məqsədilə “63M” məhsulunun Rusiya Federasiyası daxilində dublyajedici (əvəzedici) istehsalat xətti yaradılır.

Bu rəsmi sənəd birmənalı şəkildə sübut edir ki, Rusiya Federasiyası hələ 2022-ci ildən (yəni Ukrayna müharibəsi başladıqdan və sanksiyalar sərtləşdikdən dərhal sonra) “63M” raket komponentinin istehsalını xaricdən tamamilə öz daxili sənayesinə – “Kurqanpribor” zavoduna transfer etməyə başlayıb.

Sözügedən sənədlərdə Bakıdakı “İqlim” zavodunun adının çəkilməsi yalnız tarixi mühəndislik kökləri və texniki sənədlərin unifikasiyası ilə bağlıdır. Çünki bu detalın orijinal sovet çertyojları və ilkin istehsalat sənədləri (müəllif hüquqları) vaxtilə Bakıdakı zavodun profilinə aid olmuşdur. Rusiya Müdafiə Nazirliyinin daxili sənədi təsdiqləyir ki, Rusiya artıq bu detalı Azərbaycandan tamamilə asılı olmadan, öz daxilində sərbəst şəkildə istehsal etmək qərarı almış və tətbiq etmişdir.

Yayımlanan materiallar arasında “X6000-02” kodu ilə paylaşılan rəsmi texniki pasportda qeyd olunur ki, “Изделие представляет собой канальную шашку диаметром ~350 мм... из спецпродукта баллиститного типа” (Məhsul ballistit tipli (barıt növü) xüsusi maddədən hazırlanmış, ~350 mm diametrli kanallı şaşkadır).

Sənəddə bu spesifik kimyəvi-hərbi texnologiyanın hələ 1978-ci ildən (SSRİ dövründən) bəri eyni zavod profilində istehsal olunduğu bildirilir.

Məqalə müəllifləri iddia edirlər ki, “İqlim” zavodu bu “ballistit şaşka”ları Perm Barıt Zavodundan silah istehsal etmək məqsədilə satın alıb. Halbuki bu iddia elementar mühəndislik məntiqinə ziddir. Çünki, “İqlim” EİM kimyəvi-pirotexniki maddələrlə və ya barıt məhsulları ilə işləyən müəssisə deyil. O, aviasiya kondisionerləri və mexaniki aqreqat korpuslarının (AMg6 alüminium xəlitəli qaynaq konstruksiyaları) yığılması üzrə ixtisaslaşıb.

Təbii olaraq, sırf mexaniki-metallurgiya profilli bir zavodun Permdən bərk raket yanacağı və ya ballistit barıt şaşkası idxal edib öz sahəsində raket mühərriki yığması texnoloji cəhətdən qeyri-mümkündür. Bu detal müəlliflərin hərbi sənaye sahəsindəki biliksizliyini və ittihamın süni xarakterini növbəti dəfə ortaya qoyur.

Onlar “Sukhoi”, “Kurqanpribor” və Rusiya Müdafiə Nazirliyinin tamamilə real, möhürlü, rəsmi arxivlərinə aid olan sənədlərini ortaya qoymaqla oxucuda: "Baxın, təqdim etdiyimiz bu texniki sənədlər və möhürlər tamamilə realdır, deməli, Azərbaycanın Rusiya ilə gizli silah sövdələşməsi aparması ittihamı da doğrudur" kimi saxta bir rəy formalaşdırmağa çalışıblar. Lakin rəsmi sənədlərin mətn daxili analizi (Rusiyanın istehsalatı öz daxilinə köçürməsi faktı) bu saxta ssenarini elə müəlliflərin öz əli ilə tamamilə iflasa uğradır.

Sözügedən media resursunun qərəzli və saxta ssenarilər üzərində qurulmuş araşdırmalarındakı xətalar, onun peşəkar standartlardan uzaq olduğunu və məlumatları yoxlamadan manipulyasiya xarakterli yayımlar etdiyini növbəti dəfə təsdiqləyir.

Bunun ən bariz nümunəsi, saytın 15 iyun 2026-cı il tarixli "Azərbaycanın yeni kibertəhlükəsizlik agentliyi Rusiya və İrandan gələn hibrid təhdidlərlə mübarizə aparır" başlıqlı digər məqaləsində rəsmi dövlət strukturları və rəsmi şəxslər haqqında yol verdiyi kobud xətadır. Belə ki, məqalədə Azərbaycan Respublikası Milli Məclisinin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının sədri, deputat Ramid Namazov olduğu halda, müəlliflər elementar bir araşdırma belə aparmadan onun adını oxucuya "Rauf Namazov" kimi təqdim etmişlər.

Dövlət Sirri standartları və məxfilik qrifinin olmaması

“UNITED24 Media” platformasının iddialarına qarşı irəli sürülən son və ən inkaredilməz blok həm Azərbaycan Respublikasının milli təhlükəsizlik və məxfilik qanunvericiliyinə, həm də strateji hərbi kargüzarlıq standartlarına əsaslanır. Bu kontekstdə, xarici medianın ortaya atdığı "sənəd sızması" ssenarisi həm hüquqi, həm də iqtisadi-inzibati baxımdan tamamilə əsassız və saxtadır.

Bəllidir ki, hərbi təyinatlı və müdafiə sahəsinə aid məhsulların istehsalı, idxal-ixracı və bu qəbildən olan bütün strateji sövdələşmələr Azərbaycan Respublikasında xüsusi statusla qorunur. Bu qeydlərin və sənədlərin hər hansı bir xarici müəssisəyə və ya media resursuna sızması, real dövlət idarəçiliyi mexanizmində qanuni cəhətdən qeyri-mümkündür.

“Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddələrinə və Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə təsdiq edilmiş “Dövlət sirrinə aid edilən məlumatların siyahısı”-na əsasən, dövlət müdafiə sifarişi, o cümlədən silah, sursat və hərbi texnikanın istehsalı, ixracı, satışı ilə bağlı kəmiyyət, çeşid və maliyyə göstəriciləri birbaşa dövlət sirri hesab edilir. Bu məlumatların ictimaiyyətə açıqlanması və ya açıq (məxfi olmayan) sənədləşmədə yer alması qətiyyən yolverilməzdir.

Bundan əlavə, sözügedən Qanunun 5-ci maddəsinə görə, silah və hərbi texnika nümunələrinin taktiki-texniki xarakteristikaları, onların konstruksiyası, istehsal texnologiyası, eləcə də hərbi təyinatlı yeni növ maddələrin (o cümlədən iddia edilən ballistik şaşkaların, korpusların və ya piropatronların) xüsusiyyətləri daxili kargüzarlıqda ən yüksək məxfilik qrifləri altında saxlanılır.

Bunu əsas götürsək, təqdim edilən saxta sənədlərin heç birində (nə iddia olunan 2019-cu il, nə də 2024-cü il materiallarında) qanunvericiliyin tələb etdiyi məxfilik qrifi mövzuya uyğun olaraq yer almadığını görə bilərik. Dövlət hərbi sənaye kompleksinə aid sənədlərin belə bir qrif olmadan, açıq blanklarda tərtib edilməsi məxfilik və kargüzarlıq baxımından sıfıra bərabərdir.

Digər həlledici texniki fakt ondan ibarətdir ki, Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi və onun tabeliyindəki müəssisələr hərbi təyinatlı məhsulların istehsalı və daşınması ilə bağlı bu xarakterli strateji sənədləşmələri heç bir halda ümumi internet şəbəkəsi üzərindən və ya rəqəmsal elektron kargüzarlıq sistemləri vasitəsilə həyata keçirmirlər. Bu növ sənədləşmələr yalnız xüsusi qorunan, qapalı və fiziki daşıyıcılarda (kağız üzərində) aparılır.

Azərbaycanın 2025-ci il üçün beynəlxalq iqtisadi əməkdaşlığına dair bəzi qeydlər

Azərbaycan Respublikasının xarici ticarət siyasətində Rusiya Federasiyasının hərbi müəssisələri ilə müdafiə sənayesi sahəsində hər hansı bir aktiv müqavilə, tədarük zənciri və ya podrat sazişi mövcud deyil. Bu fakt rəsmi gömrük və hərbi sənaye hesabatlarında öz təsdiqini tapir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin rəsmi yekun hesabatlarına əsasən, Azərbaycan 2025-ci ildə Rusiya Federasiyasına ümumi dəyəri 1,17 milyard dollar olan məhsul ixrac etmişdir. Bu ixracatın struktur təhlili göstərir ki, ixrac olunan məhsulların mütləq əksəriyyətini (99%-dən çoxunu) sırf mülki və qeyri-hərbi sektorlar əhatə edir: kənd təsərrüfatı (meyvə-tərəvəz), qida sənayesi məhsulları, yüngül sənaye xammalı (pambıq lifi, pambıq ipliyi), kimya məhsulları, mineral gübrələr və ilkin alüminium məmulatları. Bu rəsmi və şəffaf ticarət dövriyyəsində hərbi komponent, döyüş sursatı və ya hərbi təyinatlı heç bir metal konstruksiya ixracı qeydə alınmayıb. Beynəlxalq auditə açıq olan bu hesabatlar kontekstində, gizli şəkildə milyardlarla dollarlıq raket hissələrinin daşınması barədə iddialar sadəcə absurddur.

2025-ci ilin rəsmi hərbi-sənaye hesabatlarına əsasən, Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi tabeliyindəki müəssisələr tərəfindən təxminən 824 milyon dollar dəyərində hərbi texnika, atıcı silahlar, optik cihazlar və döyüş sursatları istehsal edilmişdir. Lakin bu istehsalatın ixrac coğrafiyası və hədəf bazarları tamamilə fərqlidir. Azərbaycanın hərbi sənaye ixracatı NATO standartlarına tam uyğun olan və beynəlxalq müqavilələrlə tənzimlənən xüsusi coğrafiyanı (əsasən Türkiyə, Yaxın Şərq, Afrika və tərəfdaş Avropa ölkələrini) əhatə edir.

Aparılan analizlər birmənalı şəkildə sübut edir ki, ya “UNITED24 Media” platforması bilərəkdən Ukrayna-Azərbaycan münasibətlərinə xələl gətirmək istəyir, yada ki, bu münasibətəri pozmaq istəyən aktorlar tərəfindən manipulyasiya edilmiş və təhlükəli bir dezinformasiya kampaniyasının qurbanına çevrilmişdir.

Tamamilə qeyri-peşəkar mühəndislik yanaşması, saxta "Word" şablonları və təhrif olunmuş gömrük arxivləri üzərindən qurulan bu materialların heç bir çarpaz yoxlama aparılmadan yayımlanması ortaya bir sıra suallar çıxarır.

Azərbaycana qarşı fəaliyyət göstərən bəzi xəyanətkar səhifələr, həmçinin Soros fonduna  və digər regional qüvvələrə bağlı bəzi şəbəkələr isə bu uydurma iddiaları araşdırmadan tirajlamaqla prosesə öz “töhfələrini” verirlər.

Nəticə etibarilə, rəsmi dövlət sirri standartlarını və qlobal ticarət statistikasını hədəf alan bu uğursuz təxribat cəhdi elə müəlliflərin təqdim etdiyi sənədlərin daxili ziddiyyətləri ilə kökündən ifşa edilmişdir.