“Titanik”dən tapılan əşyaların satışına icazə verilmədi

titanikden-tapilan-esyalarin-satisina-icaze-verilmedi
Oxunma sayı: 735

ABŞ hökuməti “RMS Titanic Inc.” şirkətinin batmış “Titanik” laynerindən çıxarılan 100-dən çox əşyanı hərracda satışa çıxarmaq planlarına qarşı çıxıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Associated Press” nəşri məhkəmə materiallarına istinadən məlumat yayıb.

Bildirilib ki, lotların siyahısına sərnişinlərin şəxsi əşyaları, məişət əşyaları, interyer elementləri və pul əsginasları daxildir. Nəşrin məlumatına görə, artefaktların satışı əvvəllər əldə edilən razılaşmalara ziddir. Belə ki, həmin razılaşmalara əsasən, bu əşyalar yalnız muzey ekspozisiyaları üçün istifadə oluna bilər.

ABŞ-nin Milli Okean və Atmosfer Araşdırmaları İdarəsi (NOAA) isə öz növbəsində tapıntıların kommersiya məqsədilə satışının şirkətin hüquqi öhdəliklərini pozduğunu açıqlayıb.

Qeyd edək ki, uzun illər ərzində 1912-ci ildə batan gəminin tədqiqi hüquqlarına sahib olan “RMS Titanic Inc.” şirkəti büdcəsini doldurmaq və ekspedisiya xərclərini ödəmək üçün dəfələrlə kolleksiyanın bir hissəsini satmağa cəhd göstərib. Lakin bu təşəbbüslər hər dəfə məhkəmə orqanları və mədəni irsin qorunması təşkilatları tərəfindən əngəllənib.