Bakıda xəstəxanaların həyətindən - Xoşagəlməz görüntülər

bakida-xestexanalarin-heyetinden
Oxunma sayı: 774

İstifadə olunmuş tibbi ləvazimatlar və hətta əməliyyat sırasında çıxarılmış orqan qalıqları... Fərqli xəstəxanaların həyətində eyni mənzərələri görmək mümkündür. 

“Qafqazinfo” “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, Kliniki Tibbi Mərkəzin ərazisində də tibbi tullantılar yer alır. Klinikanın əməkdaşları belə tullantıları xüsusi sellofan torbalarda əraziyə gətirirlər. Çəkisi ölçüldükdən sonra isə həmin əraziyə atılır.

Nazirlər Kabinetinin qərarına əsasən, tullantılar 24 saat ərzində daşınmalıdır. Lakin sözügedən ərazidə olan 1 ton tullantı artıq 3 gündür ki, daşınmır. Bu tullantılara nəzarət edən və onları qəbul edən şəxsin sözlərinə görə, vəziyyət bir neçə gündür ki, belədir. Tullantıların ərazidən nə vaxt daşınacağı isə hələ məlum deyil.

Tullantılar açıq sahədə, birbaşa günəş şüalarının altında qaldığından ətrafa kəskin və xoşagəlməz qoxu yayılır.

Bu vəziyyət təkcə bir xəstəxana ilə məhdudlaşmır. Belə ki, Ak.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında da oxşar mənzərə ilə qarşılaşmaq mümkündür. Burada tibbi tullantılar düz xəstəxananın giriş hissəsində yer alıb. 

Paytaxtla yanaşı bölgələrdə də vəziyyət eynidir. Gəncə Şəhər Birləşmiş Xəstəxanasında tullantılar ərazidən çıxarılsa da, heç bir xüsusi daşınma qaydalarına riayət olunmayıb. Halbuki qüvvədə olan tələblərə əsasən, tibbi tullantılar yalnız üzərində müvafiq xəbərdaredici nişan və etiketlər olan, qapalı, xüsusi təyinatlı və lisenziyalı nəqliyyat vasitələri ilə daşınmalıdır. Lakin müşahidə zamanı bu tələblərə əməl edilmədiyi müəyyən olunub.

Məsələ ilə bağlı TƏBİB-dən bildirilib ki, problem qısamüddətli olub. Məsələ dərhal nəzarət götürülüb və tullantıların təmizlənməsi işi aparılır. 

Tibbi tullantıların utilizasiyası ilə bağlı məsələyə gəlincə, “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətindən bildirilib ki, qurum bərk məişət tullantıları ilə yanaşı, təhlükəli tibbi tullantıların qəbulunu və zərərsizləşdirilməsini həyata keçirir.

Qeyd olunub ki, Bakı şəhərində fəaliyyət göstərən tibb müəssisələrində yaranan bu növ tullantıların beynəlxalq standartlara uyğun şəkildə zərərsizləşdirilməsi məqsədilə ötən ilin iyun ayından Tibbi Tullantıların Sterilizasiyası Mərkəzi istifadəyə verilib. “Təmiz Şəhər” ASC-dən onu da vurğulayıblar ki, qurum tibbi tullantıların düzgün və ekoloji baxımdan təhlükəsiz şəkildə idarə olunmasının tərəfdarıdır. Bildirilib ki, tibbi tullantıların düzgün idarə edilməsi insan sağlamlığının qorunması və ətraf mühitin mühafizəsi baxımından mühüm əhəmiyyət daşıyır.

Daha ətraflı videomaterialda: