Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Pekində çinli həmkarı Van İ ilə görüşüb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə XİN-in “X” hesabında paylaşım edilib.
Bildirilib ki, C.Bayramovun səfəri Azərbaycan-Çin arasında hərtərəfli strateji tərəfdaşlığın güclü dinamikasını, eləcə də siyasi dialoqun və əməkdaşlığın daha da dərinləşdirilməsinə olan ortaq sadiqliyi əks etdirir.
***
XİN-in yaydığı məlumata görə, görüşdə Azərbaycan ilə Çin arasında ikitərəfli və çoxtərəfli münasibətlərin cari vəziyyəti və inkişaf perspektivləri, eləcə də regional və beynəlxalq məsələlər müzakirə olunub.
Nazirlər siyasi dialoqun yüksək səviyyədə olduğunu, 2025-ci ildə iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin qurulmasının əlaqələrin keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə töhfə verdiyini məmnunluqla qeyd ediblər. Azərbaycan Prezidentinin Çinə ötən ilin aprel ayında həyata keçirdiyi dövlət səfəri zamanı imzalanmış çoxsaylı müqavilələrin bir sıra istiqamətlərdə əməkdaşlığa əlavə təkan verdiyi vurğulanıb.
2027-ci il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 35 illik yubileyinin qeyd olunacağı məmnunluqla xatırlanıb.
Nazirlər qarşılıqlı etimad və hörmətə əsaslanan əməkdaşlığın ticarət-iqtisadi, nəqliyyat-logistika, enerji, bərpa olunan enerji, sənaye, rəqəmsal transformasiya, kənd təsərrüfatı, humanitar və təhsil sahələrində daha da genişləndirilməsinin əhəmiyyətini vurğulayıblar. Orta Dəhliz, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə görülən işlərdə birgə əməkdaşlıq təqdir olunub.
Görüş zamanı beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin davam etdirilməsinin önəmi qeyd olunub, regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb. BMT, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM), Qoşulmama Hərəkatı və digər çoxtərəfli formatlar çərçivəsində əməkdaşlıq əlaqələri nəzərdən keçirilib.
Tərəflər, həmçinin, xalqlararası əlaqələrin möhkəmləndirilməsi, təhsil, mədəniyyət, turizm və gənclər arasında mübadilələrin genişləndirilməsinin ikitərəfli münasibətlərin dayanıqlı inkişafında mühüm rol oynadığını qeyd ediblər.
Görüşdə daha sonra qlobal və regional təhlükəsizlik məsələləri, Mərkəzi Asiya formatı çərçivəsində əməkdaşlıq planları nəzərdən keçirilib, post-münaqişə dövründə bərpa-quruculuq işləri və mina təhdidi barədə qarşı tərəfə məlumat verilib. Minasızlaşdırma fəaliyyətində ANAMA-ya dəstəyə görə Çin tərəfinə təşəkkür ifadə olunub.
Habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.



Son xəbərlər
Son Xəbərlər