“Bizi Trampın qarşısında utandırdınız” - Netanyahu qəzəbləndi

bizi-trampin-qarsisinda-utandirdiniz
Oxunma sayı: 388

İsrail Təhlükəsizlik Kabinetinin ABŞ-İran razılaşmasından sonra keçirdiyi iclasda Baş nazir Benyamin Netanyahu ilə hərbi rəhbərlik arasında gərginlik yaşandığı bildirilir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İsrailin “Channel 12” telekanalı məlumat yayıb.

Bildirilib ki, iclas zamanı İran və Livandakı son vəziyyət müzakirə olunub. Müzakirələr zamanı İsrail Hərbi Hava Qüvvələrinin komandanı, general-mayor Ömər Tişlerin 8 iyunda İrana qarşı planlaşdırılan hava hücumunun ABŞ Prezidenti Donald Trampın tələbi ilə dayandırıldığını təsdiqləməsi mübahisəyə səbəb olub.

Məlumata əsasən, Netanyahu bu açıqlamaya görə Baş Qərargah rəisi Eyal Zamiri sərt şəkildə tənqid edib. Baş nazir Tişlerin verdiyi məlumatın yanlış olduğunu deyərək, bunun İsrailin birlik görüntüsünə zərbə vurduğunu və ölkəni Vaşinqton qarşısında çətin vəziyyətə saldığını bildirib.

“Bu, İsrailin birliyinə xələl gətirdi və bizi Trampın qarşısında utandırdı”, – Netanyahu iclasda deyib.

Telekanal təhlükəsizlik kabinetində aparılan digər müzakirələrin detalları barədə məlumat verməyib.

Xatırladaq ki, 7 iyunda qüvvəyə minən atəşkəsə baxmayaraq, İsrail ordusu həmin gün Beyrutun Dahiye rayonuna hava zərbələri endirib. Buna cavab olaraq İran rəsmiləri cavab tədbirləri görəcəklərini bəyan ediblər.

Həmin axşam İrandan buraxılan raketlər İsrailin şimal bölgələrində hava həyəcan siqnallarının verilməsinə səbəb olub. Daha sonra tərəflər arasında qarşılıqlı hücumlar baş versə də, 8 iyun günorta saatlarından etibarən hərbi əməliyyatların dayandırıldığı açıqlanıb.

Bundan əvvəl İsrail Ordusu Radiosu İsrailin İrana qarşı genişmiqyaslı hava əməliyyatı hazırladığını, lakin planın Donald Trampın müdaxiləsindən sonra dayandırıldığını bildirmişdi. Hərbi Hava Qüvvələrinin komandanı Ömər Tişler də son açıqlamasında bu məlumatı təsdiqləyib.