Xətai rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyasının (YAP) Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə rayon İcra Hakimiyyətinin inzibati binasında “17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günü” münasibətilə dəyirmi masa keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə Xətai rayon İcra Hakimiyyətinin İctima-siyasi və Humanitar məsələlər sektorunun müdiri Pənah İmanov çıxış edərək ölkəmizdə səhiyyə sahəsinin inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb.
O bildirib ki, insan amili dövlət siyasətinin əsasını təşkil edir və vətəndaşların sağlamlığının qorunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin 2001-ci ildə imzaladığı Sərəncama əsasən hər il iyunun 17-si Azərbaycanda Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur. Ulu Öndərin əsasını qoyduğu səhiyyə siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkənin bütün bölgələrində müasir tibb müəssisələri yaradılır, mövcud səhiyyə ocaqları yenidən qurularaq ən müasir avadanlıqlarla təchiz edilir.
Tədbirdə çıxış edən YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev səhiyyə sisteminin inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. O bildirib ki, dövlət büdcəsindən səhiyyə sahəsinə ayrılan vəsaitlərin artırılması tibb müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsinə və əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə geniş imkanlar yaradır.
Çıxışlarda COVID-19 pandemiyası dövründə Azərbaycan səhiyyəsinin uğurlu fəaliyyəti, həmçinin Vətən müharibəsi zamanı tibb işçilərinin göstərdikləri fədakarlıq xüsusi vurğulanıb.
Sonda rayon ərazisində fəaliyyət göstərən bir qrup səhiyyə işçisinə Fəxri fərmanlar və hədiyyələr təqdim olunub.
Tədbir iştirakçıları tibb işçilərini peşə bayramı münasibətilə təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.










Son xəbərlər
Son Xəbərlər