Korrupsiya ilə bağlı məlumat verən şəxslərin müdafiəsi gücləndirilir.
“Qafqazinfo” xəbər verir ki, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılan “Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna təklif edilən dəyişikliklərdə əksini tapıb.
Layihəyə əsasən, korrupsiya ilə bağlı hüquqpozmalar barədə məlumat verən şəxslərin attestasiyası zamanı həmin prosesdə korrupsiyaya qarşı mübarizə sahəsində səlahiyyətli struktur bölmənin və ya şəxsin iştirakı qadağan edilir. Eyni zamanda, belə məlumat vermiş şəxslərə qarşı qisas məqsədilə intizam tədbirləri tətbiq edilərkən irəli sürülən dəlillərin sübut olunması yükü işəgötürənin üzərinə düşəcək.
Dəyişikliklərə əsasən, dövlət və bələdiyyə qulluqçuları qanunsuz maddi və qeyri-maddi nemətlər, imtiyazlar və güzəştlərlə bağlı hallarda birbaşa rəhbər əvəzinə korrupsiyaya qarşı mübarizə sahəsində nəzərdə tutulmuş səlahiyyətli struktur bölməyə və ya şəxsə məlumat verməli olacaq. Həmçinin hədiyyələrin qəbulu, maraqlar toqquşması və etik davranış qaydaları ilə bağlı məsələlərdə də eyni mexanizm tətbiq ediləcək.
Layihə korrupsiyaya qarşı mübarizə sahəsində qanunvericiliyin təkmilləşdirilməsi və mövcud normaların uyğunlaşdırılması məqsədilə hazırlanıb.
Qanun layihəsi səsverməyə qoyularaq qəbul edilib.
Nuranə Daxilqızı
Son xəbərlər
Son Xəbərlər