Çinli alimlər insan beyninin mürəkkəb səthini 10 millisaniyədən az müddətdə yüksək dəqiqliklə modelləşdirə bilən yeni çip hazırlayıblar.
“Qafqazinfo” xəbər verir ki, Pekin Universitetinin Çin Elmlər Akademiyasının Şanxay Mikrosistemlər və İnformasiya Texnologiyaları İnstitutu ilə əməkdaşlıq çərçivəsində hazırladığı memristor əsaslı çiplə bağlı araşdırma “Science” jurnalında dərc olunub.
Yeni texnologiyanın zamanla dəyişən mürəkkəb sistemlərin modelləşdirilməsində istifadə olunan süni intellekt tətbiqlərinin sürətini əhəmiyyətli dərəcədə artıracağı gözlənilir. Bu cür sistemlər fiziki modelləşdirmə, tibbi görüntüləmə və beynin 3D rekonstruksiyası kimi sahələrdə tətbiq olunur.
Ənənəvi kompüterlərdə məlumatların yaddaş və prosessor arasında davamlı ötürülməsi emal prosesini ləngidir və enerji sərfiyyatını artırır.
Yeni çip isə əsas hesablamaları məlumatların saxlanıldığı yaddaşın özündə həyata keçirir. Beləliklə, yaddaş və prosessor arasında məlumat mübadiləsinə ehtiyac azalır, nəticədə beyin modelləşdirməsi daha sürətli və daha az enerji sərfiyyatı ilə aparılır.
40 nanometrlik texnologiya ilə istehsal edilən çip cəmi 0,28 kvadrat millimetr sahəyə malikdir və 50 meqahers tezlikdə işləyir. Tədqiqatçılara görə, çip neyron dinamikasının hesablanmasında qabaqcıl ASIC prosessorlarından 3,82-36,27 dəfə daha yüksək sürət göstərib və eyni zamanda, 11,75-24,73 dəfə daha az enerji sərf edib.
Beyin qabığının səthinin yenidən qurulması üzrə sınaqlarda isə çip “NVIDIA A100” qrafik prosessoru ilə müqayisədə 478 dəfəyə qədər daha yüksək sürət nümayiş etdirib.
Sınaqlar zamanı çip beynin ağ və boz maddəsi arasındakı sərhədi uğurla modelləşdirib. Sistem mürəkkəb beyin qıvrımlarını qoruyaraq hamar və topoqrafik baxımdan ardıcıl 3D səth şəbəkələri yaradıb.
Tədqiqatçılar hesab edirlər ki, yeni texnologiya beyin-kompüter interfeysləri, rəqəmsal beyin əkizləri və əməliyyatlar zamanı real vaxt rejimində naviqasiya sistemləri üçün yeni imkanlar aça bilər.
Çipin Alzheimer və Parkinson kimi neyrodegenerativ xəstəliklərin araşdırılmasında da istifadə edilməsi planlaşdırılır. Alimlərin fikrincə, süni intellekt əsaslı mürəkkəb modelləşdirməni millisaniyə səviyyəsinə endirə bilən bu texnologiya tibbi görüntüləmə və beyin tədqiqatlarında mühüm irəliləyişə səbəb ola bilər.
Son xəbərlər
Son Xəbərlər