Bir inci saflığı varsa da suda...

bir-inci-safligi-varsa-da-suda
Oxunma sayı: 393

Gündə 2,5 litr su içməyin bədən və zehni fəaliyyətə qısamüddətli təsirlərini araşdıran bir həftəlik təcrübə maraqlı nəticələr ortaya çıxarıb.

“Qafqazinfo” xəbər verir ki, mütəxəssislər isə su qəbulunu artırarkən orqanizmin ehtiyaclarının nəzərə alınmasının vacibliyini vurğulayırlar.

Su bədəndə temperaturun tənzimlənməsi, beyin fəaliyyətinin dəstəklənməsi, maddələr mübadiləsinin düzgün işləməsi və dəri sağlamlığının qorunmasında mühüm rol oynayır. Mütəxəssislərin fikrincə, gündəlik maye ehtiyacı insanın fiziki göstəricilərindən, yaşadığı iqlimdən, fiziki aktivlik səviyyəsindən və metabolizmindən asılı olaraq dəyişir.

Təcrübənin ilk günlərində gündə 2,5 litr su qəbuluna başlayan şəxsin orqanizminin artan maye miqdarına uyğunlaşmaqda çətinlik çəkdiyi müşahidə olunub. Ən nəzərəçarpan dəyişiklik sidiyə getmə ehtiyacının artması olub. Təxminən 20-30 dəqiqəlik fasilələrlə yaranan bu ehtiyac gündəlik fəaliyyətə və iş səmərəliliyinə təsir göstərib. Həmçinin bəzi günlərdə şişkinlik hissinin yarandığı bildirilib.

Təcrübənin üçüncü günündən etibarən orqanizmin yüksək su qəbuluna uyğunlaşdığı və həm fiziki, həm də zehni vəziyyətdə müəyyən dəyişikliklərin yarandığı qeyd olunub. Gün ərzində yaşanan enerji enişlərinin azaldığı, diqqət və konsentrasiya qabiliyyətinin artdığı müşahidə edilib.

Bundan əlavə, əvvəlki yorğun və solğun görünüşün daha canlı və nəmli dəri görünüşü ilə əvəz olunduğu bildirilib. Su qəbulunun artması ilə yuxu keyfiyyətində də müəyyən yaxşılaşma müşahidə olunub. Təcrübənin sonrakı günlərində isə bədənin 2,5 litr su qəbuluna daha rahat uyğunlaşdığı və fiziki aktivlik səviyyəsində artım hiss edildiyi vurğulanıb.

Həkimlər bildirirlər ki, kifayət qədər su içmək sağlamlıq üçün vacib olsa da, həddindən artıq və qısa müddətdə çoxlu maye qəbul etmək təhlükəli ola bilər.

Sürətli şəkildə normadan artıq su içilməsi qanda natrium səviyyəsinin azalmasına səbəb olaraq “su zəhərlənməsi” (hiponatremiya) riskini yarada bilər. Bu vəziyyət nadir hallarda baş versə də, ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.

Mütəxəssislər su qəbulunda əsas meyarın insanın bədən siqnallarını dinləməsi olduğunu bildirir və hər kəs üçün eyni miqdarda suyun uyğun olmadığını qeyd edirlər.