“Biz misli görünməmiş qələbə qazanmışıq, təkbaşına” - Prezident - Yenilənib

biz-misli-gorunmemis-qelebe-qazanmisiq-tekbasina
Oxunma sayı: 840

“Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, həm də Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxışı zamanı deyib.

Otuz ildən çoxdur ki, partiyanın iqtidarda olduğunu vurğulayan dövlət başçısı qeyd edib: “Ölkəmizin son illər ərzində uğurlu və şərəfli yolunda partiyamızın fəallarının çox böyük payı var, böyük töhfəsi var”.

Prezident bildirib ki, ilk dəfədir ki, qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir.

VII qurultayın da o vaxt üçün yeni mühitdə keçirildiyini xatırladan dövlət başçısı qeyd edib: “Çünki o şanlı Zəfərimizdən cəmi bir neçə ay keçmişdir və bütün dünya bizim Zəfərimizdən danışırdı. Azərbaycan özü təkbaşına həm işğala son qoymuşdur, eyni zamanda, bölgədə yeni reallıqlar yaratmışdır. O vaxtdan - İkinci Qarabağ müharibəsindəki Zəfərimizdən bu günə qədər bu reallıqlar bütün dünya tərəfindən qəbul edilir”.

***

“Biz hamımız, əminəm ki, hər bir vətənpərvər azərbaycanlı, Azərbaycan vətəndaşı öz dövləti ilə fəxr edir. Biz dünyada misli görünməmiş qələbə qazanmışıq. Özü də yenə də deyirəm, təkbaşına”, - Prezident əlavə edib.

***

Dövlət başçısı qeyd edib ki, Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir: “Xam neft, neft məhsulları, təbii qaz, elektrik enerjisi, neft-kimya məhsulları və gübrələr ki, bunların da istehsalı üçün əsas mənbə enerjidir”.