“Təhqir maşınınız bütöv bakla üzərimizə gəlsə də...” – Müraciət

tehqir-masininiz-butov-bakla-uzerimize-gelse-de-muraciet
Oxunma sayı: 724


Çox dəyərli Azərbaycan gəncliyi!


Azərbaycanın sabit ictimai-siyasi həyatını qarışdırmağa cəhd edən qüvvələr müstəqillik dövrümüzün ilk illərindən üzü bu yana hər zaman olub, var və təəssüf ki öz millətinə açıqca düşmən və qənim kəsilən bəzi insanların timsalında bundan sonra da olacaqdır.
Hər yeni fürsətdə ölkənin imicinə zərbə vura biləcək addımlardan və təkliflərdən imtina etməyən, əksinə bu fəaliyyətin tam üstünə gedən sapı özümüzdən olan baltalar bu gün də öz xislətlərinə, ənənələrinə sadiq durumdadırlar. Fəqət bu dəfə hədəflərinə tam fərqli bir istiqamətdən - Azərbaycan gəncliyi üzərindən atlayaraq, həmin gəncliyi mənən istismar edərək yetişmək istəyirlər. Hərçənd, tarix də, zaman da öz tutarlı faktları ilə hər zaman sübut etmişdir ki, başsız, ideyasız, lidersız, məfkurəsiz mübarizənin aqibəti bütün hallarda nəticə etibarı ilə məhvə məhkumdur və həmin dırnaqarası mübarizə yalnız haqqında danışdığımız insanların öz beyinlərində tanınan və qəbul olunan mübarizədir. Həqiqətdə isə bunun adı naşılıq, məsuliyyətsizlik, böyük ideyalara, cəmiyyətə, xalqa, millətə həqarət və xəyanətdir.

Bəzi hallarda isə Azərbaycan Qanunvericiliyi ilə tövsif edilə biləcək cinayətdir.

Çox dəyərli dostlar!


Təəssüf ki, Azərbaycanı kənardan müşahidə edib, reallıqların tam fövqündə durub, bəzənsə hətta Azərbaycançılığını belə unudub sığındıqları xarici məkanlardan bəlli təlimatlar alan bəzi həmyaşıdlarımız öz dövlətini, millətini asanca, bəsitcə müzakirə predimeti edə bilirlər.

Geniş internet məkanında, sosial şəbəkələrdə, uzaqdan-uzağa öz qəhrəman obrazını yaratmağa çalışıb insanları qanunsuz, icazəsiz aksiyalara səsləyirlər. Özləri isə illərdir Azərbaycana ayaqlarını belə basmırlar. Bu kəsimin millətçilik anlayışının əlifbası da hər kəsin bildiyi və anladığı hərflərdən deyil, özlərinin uydurduqları heroqliflərdən, nağıllardan, personajlardan başlayır.

Və... Əslində məntiq etibarilə onlara yaraşan da elə budur. Çünki dünyagörüşlərində ciddi bir qüsur var. Çünki, bu onların dəyişməyən təbiətidir.

Lakin əsl Azərbaycan gəncinin daşıdığı mahiyyət çox fərqlidir. O mahiyyət içində formalaşan ən ümdə məqsəd isə öz müstəqil düşüncəsi ilə prosesləri dəyərləndirmək, ona qiymət vermək, nəhayət tarix və zaman qarşısında öz davamlı məsuliyyətini dərk etmək bacarığıdır.

Əziz həmyaşıdlar!


Unutmayın ki, siyasi mənsubiyyət anlayışı bir vətəndaş üçün hər nə qədər sərbəst seçim imkanı tanısa da, eyni sərbəstliyi Azərbaycanımız və sabahımız adına üzərimizdə hiss etmə haqqımız yoxdur! Davamlı olaraq qaraguruhun, səviyyəsiz, arqumentsiz insanların qarşısında dözüm və prinsipiallıq göstərə bilməmizin də tək səbəbi elə budur.
Öz uğursuzluqlarını, səriştəsizliklərini sığortalamaq, malalamaq üçün saf bir gəncliyi istismar yolunu tutanlar qarşılarında bundan sonra da hər zaman bizi görəcəklər!
Həmyaşıdlarımızın, qardaş və bacılarımızın beyninin istila olunmasına, onların kamikadze ruhunda yetişdirilməsinə əsla izn verməyəcəyik.

Çünki ədalət tərəfimizdədir. Çünki bəsirət gözümüzün açıq olduğuna inanırıq!
Çünki Azərbaycanımızı bir çoxlarından fərqli olaraq dəlicəsinə deyil, ağıllıcasına sevirik!

Hər zaman meydandayıq!

Öz təhqir maşınını bütöv bak benzinlə üzərimizə sürən zavallılara rəğmən!!!

Elşən Musayev
Demokratik Maarifçilik Partiyasının sədri