Gəncədə binada partlayış, ölən və yaralanan var - Video - Yenilənib

gencede-binada-partlayis-olen-ve-yaralanan-var
Oxunma sayı: 4325

Gəncədə yaşayış binasında partlayış olub.

“Qafqazinfo” xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, sözügedən yerdə yerləşən 5 mərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində anidən partlayış olub.

Məlumata görə, hadisə nəticəsində 1 nəfər ölüb,1 nəfər xəsarət alıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

***

Hadisə nəticəsində yaralananın 1961-ci il təvəllüdlü Gülnaz Şahməmmədova, ölənin isə Adil adlı şəxs olduğu bildirilib.

***

FHN hadisə ilə bağlı məlumat yayıb.

Bildirilib ki, qurumun “112” qaynar telefon xəttinə Gəncə şəhəri, F.Əmirov küçəsində mənzildə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən ümumi sahəsi 36 m² olan mənzildə baş verdiyi müəyyən olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində birotaqlı mənzildə baş vermiş yanğın genişlənməsinə, həmçinin digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində müxtəlif dərəcəli yanıq xəsarətləri alan bir nəfər yanğınsöndürənlər tərəfindən xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib, bir nəfər ölüb. 

FHN-in qüvvələri tərəfindən, həmçinin hadisə yerində zəruri təhlükəsizlik tədbirləri görülüb.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

***

Musavat.com-un əldə etdiyi məlumata əsasən, partlayış qəsdən törədilib.

Belə ki, mənzildə olan kişi əvvəlcə qadını bıçaqlayıb, sonra isə evi yandırıb və partlayış baş verib. Nəticədə kişi özü ölüb, qadın xəsarət alıb.

***

Hadisə ilə bağlı TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, bu gün saat 14:00 radələrində 1961-ci il təvəllüdlü qadın Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:

“Sağ biləyin kəsilmiş yarası diaqnozu təyin edilən pasiyentə zəruri tibbi yardımlar göstərilib. Vəziyyəti stabildir, müalicəsi tibb müəssisəsinin müvafiq şöbəsində davam etdirilir”.