“Bu gün bütün Azərbaycan Zərifə Əliyevanın xatirəsini hörmət və ehtiramla yad edir” - Təmraz Tağıyev

bu-gun-butun-azerbaycan-zerife-eliyevanin-xatiresini-hormet-ve-ehtiramla-yad-edir
Oxunma sayı: 1524

“Bu gün dəyərli insan, dünyaşöhrətli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın anım günüdür. Zərifə xanım Əliyeva ömrünün 62-ci baharında - 1985-ci il aprelin 15-də haqq dünyasına qovuşub. Zəngin elmi biliyə sahib olan Zərifə xanım Əliyeva Azərbaycan tarixində dərin və yaddaqalan izlər buraxmış, əslən Qərbi Azərbaycanın Hamamlı rayonundan olan Əziz Əliyevin ailəsində dünyaya göz açıb. Bu gün Əziz Əliyevin adı hər daim özünün fəaliyyəti ilə Azərbaycanın fəxrlə adıçəkilən şəxslər sırasında olub və olacaqdır”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Qərbi Azərbaycan İcması Nərimanov təşkilatının rəhbəri Təmraz Tağıyev deyib.

Əlavə edib ki, Əziz Əliyevin ailəsi 1918-ci ildə ermənilərin törətdiyi vəhşiliklər ucbatından Hamamlıdan İrəvana, ordan da deportasiya olunaraq Naxçıvanın Şahtaxtı kəndində məskunlaşıblar. 

Təmraz Tağıyev daha sonra bildirib ki, görkəmli insan Əziz Əliyevin ailəsində dünyaya gələn Zərifə xanım şərəfli həyat yolu keçmişdir. Tibb elminə dəyərli yeniliklər gətirməklə intellektual səviyyəsi, biliyi, fitri istedadı, cəmiyyətdəki mövqeyi, çalışdığı kollektivdəki səmimiyyəti ilə də fərqlənən Zərifə xanım barədə ömür-gün yoldaşı Ulu Öndər Heydər Əliyev demişdi: “Azərbaycan xanımının mənəvi dəyərlərini özündə təcəssüm etdirən Zərifə xanım bir qadın, bir həyat yoldaşı, bir ana, bir həkim, bir alim, bir ictimai xadim olaraq elə sağlığında əfsanəviləşməyi bacarıb və daşıdığı bu titulları mərhəmət, şəfqət, humanizm kimi ali hisslərlə bütövləşdirərək əsl insanlıq zirvəsinə yüksəlib”.

“Akademik Zərifə Əliyevanın oftalmologiya sahəsinə gətirdiyi yeniliklər bu gün də nümunə göstərilə biləcək qədər dəyərli, zəngin olub.  Zərifə xanım təkcə savadı ilə deyil, mərhəməti, nəvazişi ilə də xəstələrə həyat verirdi.

Bir ana kimi övladlarını vətənə məhəbbət ruhunda böyütmüş, Azərbaycan xalqını dünyada tanıdan, adı məşhur liderlərlə qoşa çəkilən Prezident İlham Əliyev kimi lideri xalqımıza bəxş etmiş Zərifə xanım ən səmimi sözlərə, hörmətə layiq Azərbaycan qadını kimi ölkəmizdən kənarlarda belə ad-san qazanıb. Zərifə xanım davranışı, səmimiyyəti, qayğıkeşliyi ilə bu zirvəni də fəth edib. Zərifə xanım dəyanəti ilə Şərq qadınlarına məxsus keyfiyyətləri şəxsində birləşdirən ömür-gün yoldaşı olduğunu sədaqətilə bildirib.

Bu gün bütün Azərbaycan şərəfli həyat yolu keçmiş Zərifə xanım Əliyevanın xatirəsini hörmət və ehtiramla yad edir.

Allah rəhmət eləsin!”, - Təmraz Tağıyev qeyd edib.