“Bu müsahibəni verməklə demək istədiyim var...” - Hüseyn Abdullayev

bu-musahibeni-vermekle-demek-istediyim-var-huseyn-abdullayev-
Oxunma sayı: 823



Sabiq millət vəkili, “Oğuz eli” İctimai Birliyinin sədri, hazırda Almaniyada yaşayan Hüseyn Abdullayevin bugünlərdə 45 yaşı tamam olub. Bu münasibətlə onunla görüşərək müsahibə almaq istədik. O da bizim təklifimizi qəbul etdi.


Hüseyn Abdullayevin adı Azərbaycan ictimaiyyətinə çoxdan tanışdır. O, 90-cı illərin əvvəllərində - Naxçıvan ağır blokada və müharibə şəraitində yaşadığı dönəmdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri mərhum Heydər Əliyev tərəfindən yaradılmış Naxçıvanın Müdafiə və İnkişaf Fondunun əsas sponsorlarından biri olub. 1993-cü ildə H.Əliyev Azərbaycan prezidenti olandan sonra H.Abdullayev ölkədə daha da məşhurlaşdı. Onun adı tez-tez çəkilməyə başladı. O dövrə aid bütün məlumatların təhlili göstərir ki, həmin çətin və ağır illərdə mərhum prezident H.Əliyevə hərtərəfli dəstək verənlərdən biri də məhz H.Abdullayev olub. Bunu da çoxları bilir ki, o vaxt yenicə iqtidar olan, hələ ordunu, polisi və digər güc strukturlarını özünə tam tabe etdirə bilməyən Əliyev hakimiyyətinin ən ciddi müdafiəçilərindən, qoruyucularından biri də H.Abdullayev olub.

Maraqlıdır ki, bu gün hakimiyyətdə ona qarşı münasibət birmənalı deyil: bir sıra iqtidar nümayəndələri onun bu xidmətlərini sanki unudublar. Xüsusilə də 2007-ci ilin mart ayında parlamentdə baş verən məlum insidentdən sonra iqtidarda H.Abdullayevə münasibət mənfiyə dəyişdi.

Bir vaxtlar Heydər Əliyevin yaxın çevrəsində qərar tutmuş, mərhum prezidentin ən inanılmış və etibarlı adamı olmuş Hüseyn Abdullayev niyə hakimiyyətə yad birisinə çevrildi? Onun özü ilə söhbətdə bu və digər suallara olduqca maraqlı cavablar aldıq. Beləliklə, H.Abdullayevdən aldığımız müsahibəni təqdim edirik.

- Hüseyn müəllim, bu hakimiyyətə xidmətlərinizin müqabilində son illər sizə qarşı olan münasibətin səbəblərini nədə görürsünüz?
- Bunun çox sadə cavabı var. Birincisi, mənim əsas məqsədim müasir Azərbaycan dövlətçiliyinin güclənməsi və inkişaf etməsi ideyası olub. Ancaq ürək ağrısı ilə demək istəyirəm ki, Heydər Əliyevin vəfatından sonra bu hakimiyyətdə təmsil olunan bir qrup yaramaz və yaltaq insanlar öz şəxsi korporativ maraqlarına görə bir zamanlar müasir Azərbaycan dövlətçiliyinin qurulmasında yaxından iştirak etmiş insanlara düşmən gözü ilə baxmağa başladılar. Hər addımda ölümlə üz-üzə qalan, bütün var-dövlətlərini əsirgəməyən bu insanların arzu edib yaratdığı müasir Azərbaycan dövlətçiliyi ideyasını belə görmək istəmirlər. Məhz Heydər Əliyevin vəfatından sonra bir sıra məmurlar canımız-qanımız bahasına qurduğumuz dövlətçilik kursunu tamamilə fərqli bir məcraya, yəni 180 dərəcə başqa bir istiqamətə yönəltməyə başladı. Hadisələrin bu cür inkişafı mənim kimi düşünən insanlara çox ağır təsir bağışladı. Həmin adamlar bu dönüşü qəbuledilməz sayırdı. Bir vaxtlar müstəqil Azərbaycan dövlətçiliyinin ən çətin və həlledici dövründə Heydər Əliyevlə çiyin-çiyinə duranların əksəriyyəti ona görə mübarizə aparmamışdı ki, korrupsiya, rüşvət, məmur özbaşınalığı bu cür tüğyan etsin. Həmçinin mənəvi dəyərlərimiz bu qədər aşınsın, milli genetik kodumuz silinmək təhlükəsi ilə üz-üzə qalsın.

- Sizin o vaxt parlamentdəki çıxışlarınızın kökündə həm də bu sadaladıqlarınıza görə yaranan narahatlıq dayanırdı?
- Bəli, həm də bu var idi. Ümumiyyətlə, millət vəkili seçildiyim gündən ölkədə və cəmiyyətimizdə baş verən, xalqımız tərəfindən heç cür qəbul edilməyən neqativ hallara qarşı açıq mübarizə aparırdım. Həmçinin bir sıra problemlərin yaranmasına səbəb olan məmurların fəaliyyətini kəskin tənqid edirdim. Nəhayət, bəzi hökumət üzvlərinin parlamentdə verdiyi hesabat zamanı etiraz əlaməti olaraq deputat sorğusuna aid xüsusi bir nəzarət mexanizminin yaradılmasını Milli Məclisdən tələb etdim.

- Azərbaycanda heç də real görünməyən belə bir qanunvericilik təşəbbüsünü irəli sürməklə hakimiyyətdəki neqativ problemlərin həlli istiqamətində təsir mexanizmini necə görürdünüz?
- Təəssüflə deməliyəm ki, Azərbaycanda çoxları millət vəkilinin məsuliyyətini və əhəmiyyətini hələ də dərk etmək istəmir. Halbuki ölkədə iki şəxs ümumxalq səsverməsi nəticəsində yüksək kürsüyə təyin olunur: prezident və millət vəkili. Demək istədiyim odur ki, əgər respublikamızda qanunverici orqan olan Milli Məclis üzvlərinin qəbul etdiyi həmin qanunlara nəzarət etmə mexanizmi yoxdursa, deməli, qanunların heç bir təsiri və əhəmiyyəti yoxdur. Mənim tələb etdiyim “Qanunların icrasına xüsusi nəzarət” üzrə deputat sorğusu mexanizmi birbaşa bütün problemlərin həlli demək olardı. Əgər həmin qanun qəbul edilsə, bu, mənim ən böyük arzularımdan birinin həyata keçməsi demək olacaq. İnanın ki, belə olsa, xalqı parlamentdə təmsil edən millət vəkili tutduğu vəzifəsindən asılı olmayaraq istənilən məmurun fəaliyyətini təftiş edə bilər. Bu mexanizm işləsə, öz səlahiyyətindən sui-istifadə edən məmuru cinayət məsuliyyətinə cəlb etmək mümkün olar. Axı bunun nəyi pisdir? Bu müsahibəmdən istifadə edərək məni sevən, daim dəstəkləyən insanlara çatdırmaq istəyirəm ki, Milli Məclisdə provokasiyaya çəkilərək həbs olunmağımın əsas səbəbi də məhz bu mexanizmi tələb etməyim olmuşdu. Amma qeyd etməliyəm ki, qanunla toxunulmazlıq statusum ola-ola və parlament tribunasından müstəqil şəkildə öz fikrimi söylədiyimə, baş nazirin hesabatını tənqid etdiyimə görə həbs olunan ilk millət vəkiliyəm. Yeri gəlmişkən, bir nümunədən bəhs etmək istəyirəm. Şəxsi işlərimlə bağlı indi daha çox Almaniyada yaşadığımdan bu ölkənin qanunlarını, deputatların statuslarını diqqətlə izləmək imkanım var. Elə bu yaxınlarda sizlərin də bildiyiniz kimi, Almaniyanın prezidenti Kristian Vulf istefa verdi. Almaniya Bundestaqındakı iki nəfər deputatın apardığı araşdırma və sorğular nəticəsində müəyyən olmuşdu ki, prezident Vulf özünə villa tikdirmək üçün dövlət bankından deyil, cüzi faiz fərqi ilə yaxın dostunun sahibi olduğu özəl bankdan istifadə edib. Həmin deputatlar prezidentin bu qanunsuz əməlini ifşa etmişdi. Bu hadisə Almaniyada çox böyük hay-küyə səbəb oldu. Həmin deputatların digər araşdırması nəticəsində o da ortaya çıxdı ki, Vulfun bank sahibi olan dostunun Amerikanın Florida ştatında villası var. Vulf öz həyat yoldaşı ilə orada nə vaxtsa tətildə olub. Florida ştatına dincəlməyə gedən zaman Vulf təyyarəyə “biznes klass”, xanımı isə “ekonom klass” üzrə uçuş biletlərini alıblar. Amma sonradan məlum oldu ki, Berlin Hava Yolları şirkəti Vulfun xanımının biletinin əlavə dəyərini ödəyərək onu da “biznes klass” salonuna yerləşdirib. Həmin deputatlar Berlin Hava Yolları şirkətinin rəhbərliyindən buna görə hesabat tələb etdilər. Ümumiyyətlə, Almaniyada hər bir deputatın istənilən dövlət məmurundan hesabat tələb etmək hüququ var. Qısası, Almaniyada qanun şahdır, şah qanun deyil. Bir məqamı da qeyd etmək istəyirəm ki, istefa verməyə məcbur olan Vulf prezident statusunun zədələnməməsi və Almaniyanın bir dövlət olaraq imicinə ləkə düşməməsi üçün əsil alman istefa mədəniyyətini göstərdi. Bu, mənim üçün insanlıq və humanizm baxımından təqdirəlayiq hadisədir. Halbuki Azərbaycanın da belə bir nümunəvi dövlət olması üçün millət vəkili olduğum zaman bir sıra təşəbbüslər irəli sürmüşdüm.

- Bildiyimiz kimi, siz hələ millət vəkili seçilməmişdən öncə tanınmış iş adamı olmusunuz. Ancaq nədənsə son illər biznes fəaliyyətinizi xarici ölkələrə köçürmüsünüz. Bunun səbəbi nədir?
- Ölkəmizdə fəaliyyət göstərən bütün iş adamları yaxşı bilirlər ki, onların biznesinə daxil olan hər nə varsa - fabrik-zavod, bank sistemi və s. - hakimiyyətdəki bürokratik və monopolist güclərin hər an gözlənilən qanunsuz əməllərindən sığortalanmayıb. Bu, həm də Azərbaycanda ən azından kiçik və orta sahibkarlığın çökdürülməsi deməkdir. İstənilən biznes sahəsində fəaliyyət göstərmək üçün öncə münbit şərait tələb olunur. Çox təəssüf ki, Azərbaycanda belə bir imkan yoxdur. Avropada isə əksinə, iş adamlarına istənilən şəraiti yaratmaqla, onlara geniş miqyasda dövlət səviyyəsində hətta təminat verməklə bizneslərini genişləndirməyə imkan yaradılır. Azərbaycandan fərqli olaraq Avropada dövlət öz sahibkarları ilə fəxr edir. Çünki iş adamları ölkədə ən çox gəlir vergisi ödəyən insanlar kimi qəbul olunur. Mən fəxr edirəm ki, Azərbaycan türküyəm. Çox istərdim ki, mənim biznes fəaliyyətim doğma vətənimdə inkişaf etsin. Vətənimə daha çox xeyir vermək istəyirəm. Mənim kimiləri çoxdur. Təsəvvür edirsinizmi, vətənə və millətə böyük sevgisi olanlar onun inkişafı üçün daha çox xeyir verə bilərlər. Təəssüf ki, vətənpərvər biznes adamlarına Azərbaycanda bu gün şərait yaradılmır.

- Hüseyn müəllim, bəs yaradıcılıq fəaliyyətiniz nə yerdədir? Pərəstişkarlarınız sizdən yeni yaradıcılıq əsərləri gözləyir. Qürbətdə buna nail olmaq mümkündürmü?
- Bilirsiniz, indiki qloballaşan dünyada mənim harada yaşamağımın yaradıcılığıma heç bir təsiri yoxdur. Hazırda qürbətdə yaşasam da heç zaman öz milli kimliyimdən uzaq düşə bilmərəm. Yaradıcılığımla bağlı Azərbaycandakı proyektlərimi hələ ki sirr olaraq saxlayıram. Çox acınacaqlı hal odur ki, insanların duyğularına yaxın olan, onların eşitmək istədiyi mövzularla bağlı yazdığım bəzi əsərləri Azərbaycan telekanallarında efirə buraxmırlar. Şəxsən bu problemlə maraqlandığım zaman həmin telekanallarda çalışanların özləri etiraf etdilər ki, milli-mənəvi dəyərlərə söykənən və gənc nəslin daha çox ehtiyac duyduğu patriot əsərlər “yuxarılar”ın xoşuna gəlməz. Bütün bunlar mənə çox ağır gəlir. Əslində əsərlərim doğma xalqımla təmasda olmaq üçün duyğularımın körpüsüdür. Çünki yazdığım əsərlərimdə onların eşitmək istədiklərini mən təxminən hiss edirəm. Onu da yaxşı bilirəm ki, xalqımız bu gün Azərbaycanın efir məkanında göstərilən şit və bayağı mövzulara baxmaqdan haqlı olaraq bezib. Bu gün yaradıcılığımın yeni mərhələsi üzərində çalışıram. Və istəyirəm ki, müasir Azərbaycan musiqisi həm də Amerika və Avropada sevilən janrlar üzərində səslənsin.

- Bəs bu sahədə hansısa proyektləriniz varmı?
- Əlbəttə, var. Mənim yaradıcılığımla bağlı Avropadakı prodüserimlə birlikdə iki proyektimizi artıq həyata keçirməyə başlamışıq. Avropada ən böyük simfonik orkestrlərdən biri mənim “Müasir Azərbaycan” adlı simfonik əsərimi inşallah səsləndirəcək. Qeyd etmək istəyirəm ki, Amerikada və dünyada çox populyarlıq qazanmış, musiqi dünyasında Oskar mükafatına bərabər hesab olunan 11 dəfə Qremmi mükafatını almış məşhur pianoçu və müğənni Alisa Keyslə birlikdə proyektimizi həyata keçirməyi planlaşdırırıq. Hesab edirəm ki, bu, təkcə mənim üçün deyil, həm də ölkəmizin adının dünyanın bütün teleradio kanallarında səslənməsinə səbəb ola bilər. Bilirsiniz, mən mümkün qədər mətbuata yerli-yersiz müsahibə verməyi çox da xoşlamıram. Bu müsahibəni verməklə istədim məni sevən, başa düşən və mənə dəstək verən insanlar bilsinlər ki, mən yaxşıyam, yaşayıram. Elə həmin Hüseyn Abdullayevəm və həyat yenə də davam edir...

“Yeni-Musavat”