Cavad Zərifin qalmaqallı səs yazısında Süleymaniyə ağır ittiham

cavad-zerifin-qalmaqalli-ses-yazisinda-suleymaniye-agir-ittiham
Oxunma sayı: 4673

İran xarici işlər naziri Məhəmməd Cavad Zərifin daha əvvəl ictimailəşməmiş müsahibəsinin səs yazısının yayılması dünya mediasında gündəm olub.

“Qafqazinfo” xəbər verir ki, İran mətbuatında yayılan müsahibənin səs yazısında İran XİN rəhbəri Məhəmməd Cavad Zərif Qərblə nüvə danışıqları prosesində Rusiyanın danışıqları pozmaq və bu prosesdə ötən ilin əvvəli qətlə yetirilən general Qasım Süleymanidən istifadə etmək cəhdlərindən söz açıb.

Cavad Zərif müsahibədə Suleymaninin Qərblə danışıqlar prosesini sabotaj etmək üçün Rusiya ilə əməkdaşlıq etdiyini, həmçinin Suriyada davam edən vətəndaş müharibəsində Tehranın maraqlarını zədələyən siyasət apardığını, bununla da İranın diplomatik nüfuzuna xələl gətirdiyini bildirib.

O həmçinin qeyd edib ki, Rusiya İranın Qərblə nüvə razılaşmaları imzalamasından 10 gün sonra Tehran və Vaşinqton arasındakı müqaviləni pozmaq üçün İran generalı Qasım Süleymani ilə Moskvada danışıqlar aparıb.

Müsahibədən birbaşa sitatları yayımlayan “Guardian” nəşrinin yazdığına görə, Zərif İran daxilindəki qüvvələrin Səudiyyə Ərəbistanı səfirliyinə hücum da daxil olmaqla, bir sıra üsullarla 2015-ci il nüvə razılaşmasının baş tutmasının qarşısını almağa çalışdığını bildirib.

O, Rusiyanın razılaşmanın uğurlu olmasını istəmədiyini, bunun Tehranın Qərblə münasibətləri normallaşdırması ilə nəticələnəcəyini və bu səbəbdən Moskvanın bütün gücü ilə razılaşmaya əngəl yaratmağa çalışdığını əlavə edib.

Zərif İslam İnqilabı Keşikçiləri Korpusunun İranın xarici siyasətdəki təsirini “soyuq müharibəyə bənzər” olaraq xarakterizə edib, İran XİN rəhbəri olaraq vaxtının çox hissəsini bu təşkilatla anlaşılmazlıqlara sərf etdiyini bildirib.

Bundan əlavə C. Zərif qeyd edib ki, ötən il Ukrayna təyyarəsinin vurulmasından sonra SEPAH rəhbərləri ona hücum edərək İranın təyyarəni vurmağının doğru olmadığını açıqlamasını tələb edib.

Onun sözlərinə görə, təşkilatın nə baş verdiyini bilməsinə baxmayaraq, ondan təyyarənin vurulmasını inkar edən bir tvit paylaşılması tələb olunub.

Səs yazısında XİN rəhbəri Süleymanini Suriyanı bombalamaq üçün Rusiya təyyarələrinin İran üzərindən uçmasına icazə verdiyi üçün də tənqid edib.

O, İran siyasi arenasında hərbi-siyasi elitanın təsirlərinin daha böyük olduğunu və bir çox vəziyyətdə diplomatiyanın bu təsirlərlə məğlub olduğunu qeyd edib.