Artıq iki ilə yaxındır ki, Füzuli rayonunda yas mərasimləri, ehsan süfrələri təmtəraqdan uzaq, islami qaydalara uyğun keçirilir.
“Qafqazinfo”ya daxil olan məlumata görə, ehsan süfrələrində çay, qənd, halva, yuxa, xurma, su və limon verilməsi məqsədəuyğun sayılır. Rayonun Axundu Nəriman Nəsirov ehsan məclislərinin sadə və israf edilmədən keçirilməsinin sadə vətəndaşları maddi cəhətdən rahatlatdığını bildirib.
Axund qeyd edib ki, əgər əvvəllər yas sahibi 3, 7, 40 və cümə axşamları üçün orta hesabla 6-8 min manat pul xərcləməli olurdusa, hazırda ehsan məclislərini orta hesabla 400-500 manatla yola vermək olar: “Ehsan mərhumun ruhu naminə görülən bütün xeyir əməlləri ehtiva edir. O, sadəcə yemək süfrəsindən ibarət deyildir. Vəfat etmiş yaxını üçün ehsan vermək istəyən şəxs həmin yemək üçün xərclənəcək vəsaiti onlarla xeyriyyə işlərinə sərf edə bilər bilər”.