Ceyhun Bayramov Çexiyada XİN rəhbəri və Baş nazirlə görüşdü - Yenilənib

ceyhun-bayramov-cexiyada-xin-rehberi-ve-bas-nazirle-gorusdu
Oxunma sayı: 755

Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramov Çex Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Yan Lipavski ilə görüşüb.

XİN-dən “Qafqazinfo”ya verilən məlumata görə, nazirlər arasında baş tutan təkbətək görüş, daha sonra hər iki tərəfin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam edib.

Görüşlər zamanı Azərbaycanla Çexiya arasında siyasi, iqtisadi, enerji, humanitar və digər istiqamətlər üzrə əməkdaşlıq məsələləri müzakirə olunub, son regional və beynəlxalq inkişaflar barədə fikir mübadiləsi aparılıb.

Azərbaycan-Çexiya strateji tərəfdaşlıq əlaqələrinin beynəlxalq hüququn norma və prinsiplərinə, bir-birinin ərazi bütövlüyünə, suverenliyinə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət və dəstək kimi təməllər üzərində qurulduğu bildirilib.

Cari ildə ölkəmizin ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Azərbaycan-Çexiya tərəfdaşlığı üçün əlavə imkanlar yaratdığı diqqətə çatdırılıb.

Azərbaycan-Çexiya iqtisadi-ticarət əlaqələrinin hazırkı inkişaf səviyyəsindən məmnunluq ifadə olunub, bu əlaqələrin daha da dayanıqlı edilməsi üçün qarşılıqlı investisiyaların artırılması, mövcud əməkdaşlıq sahələrinin şaxələndirilməsinin əhəmiyyətinə diqqət çəkilib.

Regionumuzda münaqişədən sonrakı vəziyyət, eləcə də mina təhdidi, habelə Azərbaycan-Ermənistan normallaşma prosesi barədə qarşı tərəfə ətraflı məlumat verilib. 

***

Xarici işlər naziri Ceyhun Bayramov səfər çərçivəsində Çexiyanın Baş naziri Petr Fiala ilə də görüşüb.

Görüş zamanı Azərbaycan və Çexiya arasında mövcud strateji tərəfdaşlıq münasibətlərindən irəli gələn məsələlər, habelə postmünaqişə dövründə regional vəziyyət müzakirə olunub.

Ötən il Azərbaycan və Çexiya arasında diplomatik münasibətlərin yaranmasının 30 illiyininin qeyd olunduğunu diqqətə çatdıran nazir Ceyhun Bayramov, bu illər ərzində ölkələrimiz arasında inkişaf edən yüksək səviyyəli siyasi dialoqun, intensiv qarşılıqlı səfərlər və təmasların ikitərəfli, o cümlədən çoxtərəfli platformalarda birgə fəaliyyətə töhfə verdiyini bildirib.

İki ölkə arasında siyasi, iqtisadi, ticarət, investisiyalar, enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiyalar, humanitar və s. sahələr üzrə strateji tərəfdaşlığın məmnunluq doğurduğu, bununla belə əlaqələrin daha da genişləndirilməsi üçün mövcud potensial və imkanlardan istifadə olunmasının zəruriliyi qeyd olunub.

Görüşdə, eyni zamanda ölkəmizin COP29 sədrliyi barədə ətraflı məlumat verilib, habelə iki ölkə arasında COP29 çərçivəsində əməkdaşlıq imkanları müzakirə edilib. Alternativ enerji sahəsində ölkəmizin prioritetləri, Avropa ölkələri ilə əməkdaşlıq planları diqqətə çatdırılıb, Çexiya ilə də əməkdaşlıq imkanlarının olduğu bildirilib. 

C.Bayramov, həmçinin qarşı tərəfi postmünaqişə dövründə regiondakı cari vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa, yenidənqurma və minatəmizləmə işləri, o cümlədən Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşma prosesi barədə ətraflı məlumatlandırıb. Çex şirkətlərinin bərpa-quruculuq işlərində iştirakı üçün geniş potensial və maraq diqqətə çatdırılıb. 

Regionda sülh və sabitliyin bərqərar edilməsi istiqamətində tarixi şəraitin mövcud olduğu, habelə ölkəmiz tərəfindən hazırkı imkanların dəyərləndirilməsi istiqamətində davamlı səylərin göstərildiyi bildirilib. Bu çərçivədə, delimitasiya komissiyasında əldə olunmuş razılığa əsasən Ermənistan işğalı altında olan 4 kəndimizin qaytarılmasının əhəmiyyətli addım olduğu diqqətə çatdırılıb. 

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.