“WikiLeaks” portalının yaradıcısı Julian Assanj həbs olunub.
“Qafqazinfo”nun məlumatına görə, o, Londonda Ekvador səfirliyində saxlanılıb. Bu barədə Böyük Britaniya polisi məlumat yayıb.
İngiltərə hüquq-mühafizə orqanlarının məlumatına görə, səfirlik işçiləri 47 yaşlı Assanjın həbsi üçün polisi içəri dəvət ediblər. Onlar güc tətbiq etməklə jurnalisti səfirliyin binasından çıxararaq avtomobilə mindiriblər.
Qeyd edək ki, Ekvador rəhbərliyi C. Assanjın sığınacaq hüqunu ləğv edib.
Xatırladaq ki, J. Assanj 2010-cu ildə İsveçdə iki qadına qarşı cinsi zorakılıqda ittiham olunur. Həmin ildə İsveç hökuməti onu beynəlxalq axtarışa vermiş, sözügedən şəxs Londonda saxlanılmış, lakin daha sonra girov müqabilində azad edilmişdi.
O, 2012-ci ildən Ekvadorun İngiltərədəki səfirliyində gizlənirdi. 2018-ci ildə “WikiLeaks”in banisinə Ekvador vətəndaşlığı verilib. Son 7 ili jurnalist səfirliyin ərazisindən çıxmadan yaşayıb.
***
Britaniya Xarici işlər naziri Ceremi Hant Ekvador prezidenti Lenin Morenoya bu adddımına görə təşəkkür edib.
Analoji bəyanatla Avropa və Amerika məsələləri üzrə nazir Alan Dankan da çıxış edib.
***
“WikiLeaks”in bəyanatında bildirilir ki, Ekvador hökuməti Julian Assanjın siyasi sığınaq hüququnu beynəlxalq hüququ pozaraq qanunsuz şəkildə sonlandırıb.
Rəsmi Kreml isə Assanjın həbsinə münasibətində onun bütün hüquqlarının müdafiə olunacağına ümid etdiyini qeyd edib.
***
Julian Assanj Vestminster məhkəməsinə aparılıb.
O, ABŞ-ın tələbi ilə həbs edilib və bu, Britaniya Daxili İşlər Nazirliyi və Skotlend Yard (İngiltərədə polis orqanlarının qərargahı) tərəfindən təsdiqlənib.