Danimarka Şahzadəsi İzabella orduda hərbi xidmətə başlayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Danimarkanın “BT” qəzeti məlumat yayıb.
Məlumata görə, Şahzadə İzabella Slagelsedəki Antvorskov kazarmasına gəlib və o, 11 ay müddətində alayda hərbi xidmət keçəcək.
Nəşr əlavə edib ki, şahzadə xidmət müddətində nəzərdə tutulan 8,3 min kron (təxminən 2.000 manat) yaşayış müavinətindən və 9 min kron (təxminən 2.200 manat) məbləğində əməkhaqqından imtina edib. İzabella ilk 5 ayda təməl hərbi hazırlıq keçəcək, növbəti 6 ayda isə döyüş və praktiki təlimlərə qatılacaq.
Xəbərdə qeyd olunub ki, daha əvvəl onun böyük qardaşı, vəliəhd şahzadə Kristian da məhz həmin alayda xidmət edib.
Qeyd edə ki, Danimarkada hərbi xidmət müddətinin uzadılması haqqında qərar ölkə parlamenti tərəfindən 2024-cü ildə qəbul edilib və 2026-cı ildən qüvvəyə minib. Əvvəllər bu müddət cəmi 4 ay olsa da, hazırda 11 aydır. Ümumilikdə isə bu il 1,6 min nəfər xidmətə cəlb olunub.
Son xəbərlər
Son Xəbərlər