Tarixdə ilk dəfə olaraq, dünya üzrə 65 və yuxarı yaşlı insanların sayı 5 yaşdan kiçik uşaqların sayını üstələyib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Axios” nəşri ABŞ Əhali Siyahıyaalma Bürosunun hesabatına istinadən məlumat yayıb.
Bildirilir ki, demoqrafik tarazlığın dəyişməsinə doğum səviyyəsinin aşağı düşməsi, həmçinin dünya üzrə insanların ömür uzunluğunun artması səbəb olub.
Proqnozlara görə, 2060-cı ilə qədər Yer kürəsində əhalinin ümumi sayı 10,23 milyarda çatacaq ki, bunun 2 milyard nəfərini 65 yaşdan yuxarı şəxslər təşkil edəcək.
Hesabata görə, 2013-cü ildə dünya əhalisinin 45%-i doğum əmsalı təkrar istehsal səviyyəsində (bir qadına 2,1 uşaq) və ya ondan aşağı olan dövlətlərdə yaşayırdı. 2023-cü ildə isə bu göstərici 71%-ə yüksəlib. Məlumata görə, dünya bu həddə demoqrafların 10 il əvvəl proqnozlaşdırdığından xeyli tez çatıb.
Hesabatda iddia olunur ki, hazırda dünyanın ən çox əhaliyə malik iki ölkəsi olan Çin və Hindistanda doğum səviyyəsi təkrar istehsal həddindən aşağıdır. Banqladeş, Meksika və Vyetnam kimi yüksək əhali sayına malik digər dövlətlərdə də 2013-cü ildən sonra doğum səviyyəsi bu həddən aşağı düşüb.
Son xəbərlər
Son Xəbərlər