“Faiqoğlu” Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi sponsoru oldu

faiqoglu-baki-2026-cudo-uzre-dunya-cempionatinin-resmi-sponsoru-oldu
Oxunma sayı: 311

“Faiqoğlu” şirkəti 4-11 oktyabr tarixlərində Bakıda keçiriləcək cüdo üzrə böyüklər arasında dünya çempionatının rəsmi sponsoru olub.

“Qafqazinfo” xəbər verir ki, beynəlxalq cüdo təqviminin ən nüfuzlu yarışı olan dünya çempionatı Milli Gimnastika Arenasında keçiriləcək.

Bakı səkkiz ildən sonra yenidən böyüklər arasında cüdo üzrə dünya çempionatına ev sahibliyi edəcək.

Dünya çempionatı çərçivəsində başlayan əməkdaşlıq “Faiqoğlu” ilə Azərbaycan Cüdo Federasiyası (ACF) arasında uzunmüddətli tərəfdaşlığın əsasını qoyur. Tərəfdaşlıq çərçivəsində şirkət çempionatın təşkilati proseslərinə dəstək göstərəcək.

“Faiqoğlu” şirkətinin İdarə Heyətinin sədri Faiq Seyidov əməkdaşlıqla bağlı bildirib: “Cüdo üzrə dünya çempionatının Bakıda keçirilməsi ölkəmiz üçün mühüm beynəlxalq idman hadisəsidir. Cənab Prezidentimiz İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan, sözün əsl mənasında, idman dövlətidir. Ölkəmizin nüfuzlu beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi də bunun bariz göstəricilərindən biridir.

Belə mötəbər yarışın rəsmi sponsorları sırasında yer almaq bizim üçün həm qürur, həm də böyük məsuliyyətdir. İctimai nəqliyyat sahəsində uzun illərdir fəaliyyət göstərən şirkət olaraq məqsədimiz yalnız sərnişindaşıma xidmətinin keyfiyyətini yüksəltmək deyil, eyni zamanda ölkəmizdə keçirilən beynəlxalq əhəmiyyətli tədbirlərə fəaliyyət istiqamətimiz üzrə töhfə verməkdir.

İnanırıq ki, Azərbaycan Cüdo Federasiyası ilə başlayan əməkdaşlıq dünya çempionatı ilə məhdudlaşmayacaq və uzunmüddətli tərəfdaşlıq kimi davam edəcək”.

Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu tərəfdaşlığın əhəmiyyətini vurğulayıb: “Dünya çempionatının yüksək səviyyədə təşkili müxtəlif istiqamətlər üzrə etibarlı tərəfdaşlarla əməkdaşlığı zəruri edir. “Faiqoğlu”nun cüdo üzrə dünya çempionatına qoşulmasını bu baxımdan əhəmiyyətli hesab edirik. Şirkətin dəstəyi çempionatın təşkilati proseslərinə, xüsusilə iştirakçıların rahat və operativ hərəkətinin təmin olunmasına töhfə verəcək. Eyni zamanda, bu əməkdaşlığı dünya çempionatından sonrakı dövr üçün də davamlı tərəfdaşlığın başlanğıcı kimi qiymətləndiririk”.