“Fənərbaxça” UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda Polşanın “Qornik Zabje” komandası ilə 1:1 hesablı heç-heçə edərək III təsnifat mərhələsinə vəsiqə qazanıb.
“Qafqazinfo” xəbər verir ki, bu nəticə ilə adını növbəti mərhələyə yazdıran sarı-lacivərdlilər Avstriyanın “Şturm Qrats” klubuna rəqib olub.
“Zabje Arena”da keçirilən qarşılaşmaya sürətli başlayan “Fənərbaxça” 12-ci dəqiqədə Anderson Taliskanın penaltidən vurduğu qolla önə keçib. İlk hissənin böyük bölümündə rəqibindən üstün təsir bağışlayan İstanbul təmsilçisi son dəqiqələrdə öz qapısında təzyiqlə üzləşib.
Meydan sahiblərinin ardıcıl zərbələrində qapıçı Mert Günok inamlı oynasa da, 45+10-cu dəqiqədə yaranan qarmaqarışıqlıqda Mixal Saçek hesabda tarazlığı bərpa edib və tərəflər fasiləyə 1:1 hesabı ilə yollanıblar.
Matçın ikinci hissəsinə də yaxşı başlayan “Fənərbaxça” ilk 25 dəqiqədə təhlükəli epizodlar yaratsa da, əlinə düşən imkanları qola çevirə bilməyib. 70-ci dəqiqədən sonra tempini itirən Türkiyə təmsilçisi rəqibin təhlükəli hücumlarına baxmayaraq qapısını toxunulmaz saxlayıb və meydandan 1:1 hesablı bərabərliklə ayrılaraq turu keçən tərəf olub.
Son xəbərlər
Son Xəbərlər