“Göyərçinlə xəbərləşmə” geri qayıtdı

goyercinle-xeberlesme-geri-qayitdi
Oxunma sayı: 304

Göyərçinlə məktub göndərmə dövrünü müasir texnologiya ilə yenidən canlandıran mobil tətbiq hazırlanıb.

“Qafqazinfo”nun xəbərinə görə, “Carrier Pidge” adlı tətbiq istifadəçilərə mesajlarını virtual göyərçin vasitəsilə göndərmək imkanı verir.

iOS cihazları üçün “App Store”da yayımlanan tətbiq bəşər tarixinin ən qədim rabitə üsullarından biri olan göyərçinlə mesajlaşmanı simulyasiya edir.

ABŞ-li proqram təminatı istehsalçısı Nuh İarrobino tərəfindən təxminən üç həftə ərzində hazırlanan tətbiq göndərən və qəbul edən şəxslər arasındakı məsafəni müəyyənləşdirmək üçün GPS texnologiyasından istifadə edir.

Tətbiqdə mesajın çatdırılma müddəti virtual göyərçinin məsafəni qət etmə sürətindən asılıdır. Göyərçinin saatda maksimum 177 kilometr sürətlə uçduğu nəzərə alınır.

Göndərən və qəbul edən şəxs bir-birinə yaxın olduqda mesaj qısa müddətdə çatdırılır. Lakin aradakı məsafə minlərlə kilometr olduqda istifadəçi mesajının çatması üçün günlərlə gözləyə bilər.

Göyərçinin uçuş sürətinin təxminən 25 faiz dəyişə bildiyi də nəzərə alınır. Bu səbəbdən mesajın çatdırılma müddəti əvvəlcədən hesablanandan daha uzun və ya qısa ola bilər.

Tətbiqin ən maraqlı xüsusiyyətlərindən biri göyərçinin uçuşunu real vaxt rejimində xəritədə izləməkdir. İstifadəçi quşun harada olduğunu və təyinat nöqtəsinə çatmasına nə qədər vaxt qaldığını görə bilir. Lakin mesajın, ümumiyyətlə, çatmamaq ehtimalı da var. Tətbiqdə virtual göyərçinin uçuş zamanı itməsi və ya yırtıcı heyvanın hücumuna məruz qalması ehtimalı 0,2 faiz olaraq müəyyənləşdirilib.