“Rockstar Games” şirkəti uzun müddətdir həyəcanla gözlənilən “Grand Theft Auto VI” (GTA 6) oyununun rəsmi buraxılış treylerini (“launch trailer”) təqdim edib.
“Qafqazinfo” xəbər verir ki, tərtibatçının “YouTube” kanalında yayımlanan təxminən dəqiqə yarımlıq video oyun həvəskarları tərəfindən böyük maraqla qarşılanıb.
Videoçarxda əsas qəhrəmanların tarixçəsi və uydurma Leonida ştatındakı kriminal həyatdan maraqlı epizodlar yer alıb. Treylerdə Ceyson Düvalın hərbi keçmişi, eləcə də həbsxanadan onunla əlaqə saxlayan Lusiya Kaminos göstərilir. Süjetə görə, uğursuz qarət cəhdindən sonra qəhrəmanlar böyük bir kriminal qəsdin ortasında qalırlar və xilas olmaq üçün bir-birilərinə arxalanmalıdırlar.
Videoda həmçinin avtomobillər, motosikletlər, təyyarələr, helikopterlər, polis qovalamaları və Vays-Siti (Vice City) şəhərinin gecə həyatı əks olunub. Qəhrəmanların saçlarının oyun gedişində uzanması detalı da diqqətdən qaçmayıb. Səs yazısında “Justice” elektron dueti, “Tame Impala”, SZA və “King Gizzard & The Lizard Wizard”ın birgə ifa etdiyi “Flower in a Hurricane” trekindən istifadə olunub.
Qeyd edək ki, “Grand Theft Auto VI” oyunu 19 noyabr 2026-cı il tarixində “PlayStation 5” və “Xbox Series X/S” konsolları üçün satışa çıxarılacaq.
Son xəbərlər
Son Xəbərlər