Helikopter qəzasından sağ çıxanlar Əli Əliyevi məhkəməyə verdi

Helikopter qəzasından sağ çıxanlar Əli Əliyevi məhkəməyə verdi
Oxunma sayı: 8780

Noyabrın 30-da qəzaya düşən helikopterdən sağ xilas olan ekipaj üzvləri Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevə qarşı xüsusi ittiham qaydasında məhkəmə iddiası qaldırıblar.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ə.Əliyev özü məlumat verib.

Emil Cəfərov iddia ərizəsində qeyd edib ki, Ə,Əliyev  “Osmanqızı Tv”də dekabrın 9-da çıxışı zamanı onlar barəsində yalan məlumat yayıb. Buna görə də Ə.Əliyevin Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə xüsusi ittiham qaydasında cinayət məsuliyyətinə cəlb edilməsini istəyib. Hazırda işə Yasamal rayon məhkəməsinin hakimi Hüseyn Səfərovun icraatında baxılır.

Əli Əliyev qeyd edib ki, onunla bağlı oxşar daha bir iddia var. Bu işə isə Yasamal rayon məhkəməsində hakim Rauf Daşdəmirov baxır: “Bu barədə rəsmi məlumatlandırılmasam da, ehtimal edirəm ki, bu da qəzadan sağ qalan digər əməkdaş Ramin Ədilovdur”.

Qeyd edək ki, Əli Əliyev müsahibəsində helikopterdə olan digər şəxslərin şəhid olaraq nəşinin tanınmaz hala düşdüyü halda, iki nəfərin yüngül sınıqlarla xilas olmasından şübhələndiyini bildirib. Tərəflər də buna görə partiya sədrini məhkəməyə veriblər.

Xatırladaq ki, noyabrın 30-da Dövlət Sərhəd Xidmətinə məxsus Mi-17 hərbi təyinatlı helikopteri Xızı rayonu ərazisindəki Qaraheybət aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Qəza nəticəsində helikopterdə olan 16 nəfərdən 14 nəfəri şəhid olub, iki nəfər isə yaralanıb.

Faktla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 352.2 (ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olmaqla uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma) və digər maddələri ilə cinayət işi başlanıb.