Həyat yoldaşına rus qadınlarla xəyanət etdiyini açıqladı

heyat-yoldasina-rus-qadinlarla-xeyanet-etdiyini-aciqladi
Oxunma sayı: 1346

Amerikalı milyarder, “Microsoft” şirkətinin qurucusu Bill Qeyts evli olduğu dövrdə başqa qadınlarla da münasibət yaşadığını etiraf edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Wall Street Journal” (WSJ) qəzeti yayıb.

Qəzet yazır ki, Qeyts iki rus qadınla sevgi münasibətləri yaşadığını etiraf edib, lakin həmin qadınların qalmaqallı maliyyəçi Ceffri Epşteynin qurbanları sırasında olmadığını bildirib:

“Mən kənarda məhəbbət macəraları yaşamışam, rus bric (kart oyunu - red.) oyunçusu, rus nüvə fiziki ilə münasibətlərim olub”. 

Həmçinin WSJ-nin məlumatına görə, Qeyts Epşteynlə çox vaxt keçirməsinin böyük bir səhv olduğunu deyib, lakin qalmaqallı maliyyəçinin cinayətlərində iştirak etmədiyini vurğulayıb:

“Mən qanuna zidd heç nə etməmişəm. Onun qurbanları, yaxud ətrafındakı qadınlarla vaxt keçirməmişəm. Amma Epşteynlə vaxt keçirmək böyük səhv idi”.

Qeyd edək ki, Bill Qeyts 1994-2021-ci illər aralığında Melinda Frenç ilə evli olub. Cütlüyün Cennifer Katarin, Rori Con və Fibi Adel adlı üç övladı var. İddialara görə, 27 illik evliliyin başa çatmasına Qeytsin Ceffri Epşteyn ilə yaxın münasibətdə olması səbəb olub.

Onu da xatırladaq ki, ABŞ Ədliyyə Departamentinin cinsi istismar, pedofiliya və fahişəlik şəbəkəsi yaratmaq ittihamları ilə həbs olunan C.Epşteyn 2019-cu ildə həbsxanada ölü tapılmışdı. Bu il yanvarın sonunda Ədliyyə Departamenti “Epşteyn işi” ilə bağlı genişmiqyaslı arxiv məlumatlarını ictimaiyyətə açıqlayıb. Həmin materiallar arasında Bill Qeyts haqqında qeydlər və fotolar da yer alıb.