“PAŞA Bank” 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib

pasa-bank-12-ci-amfa-konfransinda-maliyye-inkluzivliyinin-genislendirilmesi-imkanlarini-muzakire-edib
Oxunma sayı: 243

“PAŞA Bank” Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) təşkilatçılığı ilə keçirilən “Mikromaliyyədə İnvestisiya və Dayanıqlı İnkişaf” mövzulu 12-ci AMFA Konfransında iştirak edib.

Azərbaycanda mikromaliyyə sektorunun 30 illiyinə və AMFA-nın fəaliyyətinin 25 illiyinə həsr olunan tədbirdə dövlət qurumları, maliyyə institutları və beynəlxalq təşkilatların nümayəndələri bir araya gəlib. Konfransda maliyyə inklüzivliyi, maliyyələşməyə çıxış imkanları, sektorun inkişaf perspektivləri və rəqəmsal transformasiya məsələləri müzakirə olunub.

Tədbirdə çıxış edən “PAŞA Bank”ın Maliyyə İnstitutları və Xidmət Sənayesi üzrə rəhbəri Zahid Əfəndiyev banklarla bank olmayan kredit təşkilatları (BOKT) arasında əməkdaşlığın mikro və kiçik sahibkarların maliyyələşməyə çıxışında əhəmiyyətini vurğulayıb.

“PAŞA Bank” olaraq BOKT-ları maliyyə xidmətlərinin daha geniş kütləyə çatdırılmasında mühüm tərəfdaş hesab edirik. Bizim üçün əsas göstərici ayrılmış vəsaitin həcmi deyil, həmin vəsaitin neçə sahibkara çatması, neçə biznesin inkişafına dəstək olması və iqtisadiyyatda nə qədər davamlı dəyər yaratmasıdır”, – deyə Zahid Əfəndiyev bildirib.

O, həmçinin bankların maliyyə resurslarının BOKT-ların mikro və kiçik sahibkarlarla iş təcrübəsi ilə birləşdirilməsinin əhəmiyyətinə, risklərin bölüşdürülməsi və zəmanət mexanizmlərinin inkişaf etdirilməsi imkanlarına toxunub.

“PAŞA Bank” maliyyə institutları ilə əməkdaşlığın genişləndirilməsi, sahibkarların maliyyələşməyə çıxışının asanlaşdırılması və ölkədə maliyyə inklüzivliyinin təşviqi istiqamətində fəaliyyətini davam etdirir.